Xədicə İsmayılova: Məni jurnalist fəaliyyətimə görə həbsdə saxlayırlar [Video]

Your browser doesn’t support HTML5

Xədicə İsmayılova: Məni jurnalist fəaliyyətimə görə həbsdə saxlayırlar

Jurnalistin apellyasiya şikayətinə ilkin baxış olub

Oktyabrın 15-də Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murğuzovun sədrliyi ilə həbsdə olan jurnalist Xədicə İsmayılovanın birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə ilkin baxış olub. Jurnalist zalda alqışlarla qarşılanıb.

Vəkil Fəxrəddin Mehdiyev jurnalistin səs keçirməz şüşə qəfəsdən (akvarium) çıxarılması haqqında vəsatət qaldırıb, amma hakim bundan imtina edib. Daha sonra vəkil həbs qətimkan tədbirinin ev dustaqlığı imkan tədbirinə dəyişdirilməsi və baxışın qismən istintaqla aparılması barədə vəsatətlər qaldırıb. Hakim bu vəsatətləri də təmin etməyib.

Bu zaman hakim Xədicə İsmayılovanın və müdafiə tərəfinin hakimdən, dövlət ittihamçısından imtina etmək hüququnu xatırladıb.

“Azərbaycan məhkəmə sistemində sifarişlə işləməyən hakim yoxdur. Özünüz əvvəllər mənə qarşı ittihamlar üzrə işə baxıbsınızsa imitina edə bilərsiniz”, jurnalist hakimdən sual edib.

İsmayılova istintaqda və birinci instansiya məhkəmədə hüquqlarının dəfələrlə pozulduğunu, müdafiə hüququnu səmərəli qurmağa imkan verilmədiyini bildirib.

“Vəkilim Yalçın İmanov şahid adı ilə müdafiəmdən uzaqlaşdırıldı. Halbuki o mənimlə bağlı epizod üzrə dindirilməyib. Yalçın İmanovun hüquqlarımın müdafiəsindən uzaqlaşdırlması barədə prokurorluğun qərarına xitam verin”, hakim bu vəsatəti də təmin etməyib.

İsmayılova hakimin barəsində həbs qətimkan tədbirinin ev dusqalığı imkan tədbirinə dəyişdirilməsi barədə vəsatəti təmin etməməsi barədə deyib ki, onun azadlıqda olması istintaqa və hökumətə daha xeyirli olardı.

“Birincisi vergi orqanları ilə canlı əlaqə saxlayardım. İkincisi dövlətin bir məhbusun saxlanmasını sərf etdiyi vəsaitə indiki böhran dövründə qənaət olardı. Mən qanunu pozmamışam, özümü haqlı sayıram, günahım yoxdur. İstintaq zamanı xaricdə idim, özüm ölkəyə qayıtdım. Həbsdə saxlanmağımın səbəbi istintaqla bağlı deyil. Məqsədləri odur ki, həbsdə olanda ictimaiyyətlə əlaqədə olmayacam, yazılarımı dərc etdirə bilməyəcəm. Mən həbsdə olarkən yazılarımı dərc etdirə bildirm. Hər dəfə yazım dərc edildikdən sonra cərimə kamerasına (kars) salındım, töhmət verdilər. Göründüyü kimi bunların məqsədi mənim jurnalist fəaliyyətimi məhdudlaşdırmaqdır”, bu yerdə hakim mikrafonu söndürüb və akvariuma salınmış jurnalıistin səsi eşildilməz olub.

İsmayılova daha uca səslə “həbsim siyasidir”, deyib.

Jurnalist bildirib ki, məhkəmənin ədalətliliyinə inanmır.

“Buna görə sifarişli qərarınızı ən qısa zamanda çıxarın ki, mən də Avropa Məhkəməsinə tezliklə müraciət göndərə bilim”, o qeyd edib.

Hakim yenidən mikrofoniu söndürüb və İsmayılovaya mahiyyət üzrə danışmağı məsləhət görüb.

Hakim məhkəmə baxıçını 29 oktyabr saat 15-ə təyin edilib.

Məhkəmə zalında Qərb səfirliklərinin nümayəndələri və müxalif siyasətçilər olub. İsmayılova özündən əmin və gümrah görünürdü.

Bakı Ağır Cinayətlər Məhkəməsi sentyabrın 1-də araşdırmaçı jurnalist Xədicə İsmayılovanı 7,5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib, onu mənimsəmə, qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilib.

Eyni zamanda, jurnalistə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə bəraət verilib.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları İsmayılovaya qarşı cinayət ittihamlarını qəbul etmir və bunu jurnalistin hakimiyyətin ali eşelonlarında korrupsiya faktlarını araşdırması ilə bağlayırlar.

“Amnesty İnternational” jurnalisti “vicdan məhbusu” elan edib. O çoxsaylı beynəlxalq mükafatlara layiq görülüb.