Bakı Apellyasiya Məhkəməsində (BAM) oktyabrın 15-də saat 14.30-da jurnalist Xədicə İsmayılovanın şikayəti üzrə hazırlıq iclası təyin edilib.
Bu barədə Amerikanın Səsinə vəkil Fəxrəddin Mehdiyev bildirib.
Onun sözlərinə görə, işə İlqar Murquzovun sədrlik etdiyi hakim heyəti baxacaq.
Müdafiə tərəfi İsmayılovaya bütün ittiham bəndləri üzrə tam bəraət verilməsinə nail olmaq niyyətindədir.
O xatırladıb ki, birinci instansiya məhkəməsi artıq “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə bəraət verib.
Bakı Ağır Cinayətlər Məhkəməsi sentyabrın 1-də araşdırmaçı jurnalist Xədicə İsmayılovanı 7,5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib, onu mənimsəmə, qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilib.
Eyni zamanda, jurnalistə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə bəraət verilib.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları İsmayılovaya qarşı cinayət ittihamlarını qəbul etmir və bunu jurnalistin hakimiyyətin ali eşelonlarında korrupsiya faktlarını araşdırması ilə bağlayırlar.