Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş üçün hazırlıq işləri aprılır.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva fevralın 25-də keçirdiyi brifinqdə Amerikanın Səsinin sualının cavabında bildirib.
“Azərbaycan işğal olunmuş ərazilərinin azad edilməsi və bu ərazilərdən zor gücünə qovulmuş məcburi köçkünlərin geri qayıtmasını təmin edəcək nəticəyə yönəlik görüşlərin tərəfdarıdır və bu görüşlərin keçirilməsinə hazırdır,” mətbuat xidmətinin rəhbəri qeyd edib.
SEE ALSO: “Azərbaycan və Ermənistan xarici işlər nazirləri çox müsbət fikir mübadiləsi aparıb”Onun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün keçirilməsi gündəmdədir və ATƏT-in Minsk Qrupunun həmsdərlərinin bölgəyə səfəri zamanı da müzakirə mövzusu olub.
“Növbəti görüşün yeri və zamanı ilə bağlı hələ konkret məlumat mövcud deyil,” o qeyd edib.
Əhalinin sülhə hazırlnamsının ən birinci tərkib hissə elementi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoq və təmasların bərpa olunmasıdır.Leyla Abdullayeva, Xarici İşlər Nazirliynin rəsmisi
Abdullayeva deyib ki, Azərbaycanın mövqeyi birmənalıdır.
“Azərbaycanın ən yüksək rəsmiləri tərəfindən dəfələrlə bəyan edilib. Azərbaycan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həllinin tərəfdarıdır.”
Azərbaycan prezidenti və Ermənistanın baş nazirinin görüşünün planlaşdırılıb-planlaşdırılmaması ilə bağlı suala cavabda Abdullayeva deyib:
“Ölkə rəhbərlərinin görüşü barədə ötən ilin dekabrında Milanda keçirilən xarici işlər nazirlərinin görüşündən sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin birgə bəyanatında deyilirdi ki, ən yüksək səviyyə də daxil olmaqla intensiv, nəticəyə yönəlik danışıqların davam etdirilməsi və görüşün təşkili istiqamətində daim səylər gəstərilir. Bu istiqamətdə səylər göstərilir, davam etdirilir. Ancaq ən yüksək səviyyədə görüş müəyyən edildikdən sonra həmin məlumatı media ilə bölüşə bilərik. Hələ ki, belə bir məlumata malik deyiləm,” o qeyd edib.
Mətbuat Xidmətinin rəhbəri deyib ki, Minsk Qrupunun həmsədrlərinin bəyanatlarında da deyildiyi kimi, hər iki əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsinə dair razılıq mövcuddur.
SEE ALSO: `Dağlıq Qarabağın azərbaycanlı icması erməni icması ilə dialoqa hazırdır`“Əhalinin sülhə hazırlanmsının ən birinci tərkib hissə elementi olaraq təbii ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoq və təmasların bərpa olunmasıdır. Dağlıq Qarabağın azərbaycanlı icması dəfələrlə bəyanatlarla çıxış edərək bu dialoqa, təmasa hazır olduğunu bəyan edib. Təbii ki, münaqişə həll olunduqdan sonra yenə də bu iki icma bir yerdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşamalı olacaq. Onun üçün də biz sülhə hazırlama kontekstində ən birinci məhz icmalararası dialoqun təşviq olunmasının tərfədarıyıq.”
“Bir vaxt Rusiyanın təşəbbüsü ilə icmaların qarşılıqlı səfərləri olmuşdu. Hazırda icmaların görüşü nə vaxt ola bilər?” Amerikanın Səsinin bu sualının cavabında mətbuat xidmətinin rəhbəri deyib ki, həqiqətən bir neçə il əvvəl belə təşəbbüs olmuşdu və icmalar arasında təmaslar mövcud idi.
“Təəsüflər olsun ki, Ermənistanın o vaxtkı rəhbərliyinin `səyləri` nəticəsində bu kimi təşəbbüslərin qarşısı alındı. Lakin biz bu kimi təşəbbüslərin yenidən canladırılmasının və icmalar arasında təmasların bərpa olunmasının tərfədarıyıq,” o qeyd edib.
Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.
2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.
Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.
Nikol Paşinyan 2018-ci ilin mayında baş nazir olduqdan sonra Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı ilə bağlı bəyanatla çıxış edib. Bu bəyanat danışıqlar prosesində çətinliklər yaradıb.
2018-ci il sentyabrın 28-də prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən görüşündə qeyri-rəsmi görüş olub. Bu görüş danışıqlara yeni impuls verib.
Belə ki, bundan sonra iki ölkə arasında danışıqlar prosesi bərpa edilib və hazırda davam etdirilir. Azərbaycan tərəfi nəticəli danışıqlaraın vacibliyini bildirib.
2018-ci ilin dekabrın 6-da Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində prezident İlham Əliyev və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın söhbəti olub. Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparılıb.
Bundan sonra iki ölkənin xarici işlər nazirləri 2018-ci il dekabrın 5-də ATƏT Xarici İşlər Nazirləri Şurasının Milanda keçirilən iclası çərçivəsində görüşüb.
Nəhayət yanvarın 16-da Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında növbəti görüş olub.
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü barədə bəyanatında deyilir ki, nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı geniş məsələlər dairəsini müzakirə edib və əhalinin sülhə hazırlanması üzrə konkret addımların atılmasının zəruriliyi barədə razılığa gəlib.
“Görüşlər zamanı həmsədrlər nazirlərlə danışıqlar prosesinin hazırkı mərhələsi üçün əsas prinsip və ölçüləri nəzərdən keçirib," sənəddə qeyd edilir.
Bəyanatda deyilir ki, nazirlər və həmsədrlər danışıqlar prosesinə güclü müsbət dinamika vermək üçün Azərbaycan və Ermənistan liderləri arasında mümkün sammitin keçirilməsi istiqamətində növbəti addımların atılması məsələsini nəzərdən keçirib.
“Həmsədrlər regionun iqtisadi potensialının reallaşdırılması istiqamətində mümkün qarşılıqlı faydalı təşəbbüslərin mühüm olduğunu qeyd edib. Həmsədrlər yaxın vaxtlarda iki ölkə lideri ilə görüşməyi planlaşdırır,” Minsk Qrupunun həmsədrləri qeyd edir.
Yanvarın 22-də isə Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub.
Rəsmi məlumatlara görə, dövlət başçıları görüş zamanı müzakirə prosesində mövcud vəziyyət və gələcək müzakirələr barədə fikir mübadiləsi aparıb.
ATƏT-in Minsk Qrupunun həmsərləri fevralın 20-dən 23-dək Ermənistanda və Azərbaycanda ölkə rəhbərləri ilə görüşlər keçirib. Rəsmi məlumatlarda deyilir ki, görüşlərdə münaqişənin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Son zamanlar tərəflər arasında görüşlərin dinamikasının artmasına baxmayaraq Azərbaycan və Ermənistan əvvəliki mövqeyindən geri çəkilmədiyini bildirən bəyanatlarını davam etdirir.