Accessibility links

`Dağlıq Qarabağın azərbaycanlı icması erməni icması ilə dialoqa hazırdır`


Azərbaycanın məcburi köçkünlərinin hazırda yaşadığı rayonlar
Azərbaycanın məcburi köçkünlərinin hazırda yaşadığı rayonlar

"Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının birgə yaşayışı şəraitində ədalətli sülh, dayanıqlı regional sabitlik və təhlükəsizlik təmin oluna bilər. Bu istiqamətdə mühüm addımlardan biri kimi Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoq təşviq edilməlidir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması konstruktiv dialoqa hazırdır."

Bu barədə Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi 20 dekabrda keçiriən II qurultayında bəyanat qəbul edib.

Dağlıq Qarabağdan görüntü
Dağlıq Qarabağdan görüntü

Qurultay azərbaycalı icmasının yeni sədrini seçib. Qurumun sədri Tural Gəncəliyev Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşıdır.

Sənəddə deyilir ki, Ermənistanın Azərbaycana ərazi iddialarından geri çəkilməməsi, nəzarət etdiyi Azərbaycan ərazilərindən hərbi qüvvələrini çıxarmaması problemin həllinə mane olan başlıca səbəbdir.

“Münaqişənin ədalətli həllinə nail olmaq üçün Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı, məcburi köçkünlər, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı əhalisi öz doğma torpaqlarına - Dağlıq Qarabağa təhlükəsiz və ləyaqətli şəkildə qayıtması, mülkiyyət hüquqlarından istifadə olunması təmin olunmalıdır”, Qarabağın azərbaycanlı icması bildirir.

Erməni tərəfi və Qarabağın erməni icması hələ bu bəyanata münasibət bildirməyib.

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 1992-ci il martın 24-də ATƏM-in Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə imzalanmış sənədə əsasən yaradılıb. ATƏM/ ATƏT-in Minsk qrupu təsis edilərkən Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına isə münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilib. Dağlıq Qarabağın azərbaycanlı icması 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak edib.

Mühüm addımlardan biri kimi Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoq təşviq edilməlidir.
Qurultayın bəyanatından

İcmanın rəsmi saytının məlumatına görə, icma 65 min nəfərdən çox üzvü birləşdirir.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının məqsədi Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə və Dağlıq Qarabağdan didərgin düşmüş əhalinin öz doğma torpaqlarına qayıtmasına kömək göstərməkdir.

Keçmiş Azərbaycan Sovet Sosialist Resublikasının 1923-cü il iyulun 7-də verilmiş dekretinə əısasən Azərbaycan Respublikasının ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. Vilayətin əhalisinin əksəriyyətini erməni və azərbaycanlılardan ibarət Azərbaycan vətəndaşları təşkil edib.

1970-ci ildə aparılan rəsmi siyahıya almaya görə, Dağlıq Qarabağ Muxtar Vilayətinin 150.313 nəfər əhalisi olub.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırki status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

XS
SM
MD
LG