Vudi Alanın "Gecəyarısı Parisdə" filmi

  • Nərminə Cəlalqızı

Vudi Alanın "Gecəyarısı Parisdə" filmi

“Gecəyarısı Parisdə ” filmində rejissor Vudi Alan Parisin gözəlliklərindən və şəhərin keçən əsrdəki özünəməxsus həyatından danışır

Vudi Alanın "Gecəyarısı Parisdə" filmində amerikalı yazıçı Gil və onun nişanlısı İnes Parisə, romantik səfərə gedirlər. Lakin Gillə İnes fərqli insanlardır. Gil Parisdə gözəl həyat yaşayaraq, romantic əsərlər yazmaq istəyir. Ultra-mühafizəkar ailədə böyümüş İnes üçün isə həyatda status daha mühümdür. Əslində Gil Parisə İnesin istəyi ilə gedir, çünki İnesin atası orada biznes müqaviləsi bağlamağı planlaşdırır.

Gillə İnes arasında münasibətlər getdikcə pozulmağa başlayır. Onların arasında gərginlik İnesin köhnə dostları ilə, kollecdən rəfiqəsi və onun nişanlısı, özünü hamıdan ağıllı bilən, Sorbon universitetinin professoru Polla görüşmələrindən sonra daha da artır. Polun davranışı Gili yorur və tək qalmaq istəyir. O, Parisin küçələrini gəzərkən, saat gecə 12-ni vurur. Bu anda vaxt onu birdən geriyə, 1920-ci illərə aparır. Hansısa məclisdə o, Pablo Pikasso, Salvador Dali və Amerikalı yazıçı Ernest Hemiqveylə görüşür.

Vudi Alan bu filmdə gülməli hadisələrlə yanaşı, Parisin sirlərini də açır.

- “Mən şəhəri emosional göstərməık istəyirdim, nələrin baş verməsindən asılı olmayaraq, Parisi özüm gördüyüm kimi, mənim nəzərimdə olduğu kimi canlandırmaq istəyirdim”- deyə, rejissor bildirir.

Vudi Alan dövrün intellektual insanlarını canlandırmaq üçün ən tanınmış aktyorları seçməli olub. Məsələn, filmdə Salvador Dali rolunda Adrian Brodi oynayır.

Adrian Brodi: “İlk dəfə idi ki, mən Dali rolunu ifa etməyə razılıq verdim. Bu rolu mənə müxtəlif ssenarilərdə bir neçə dəfə təklif etmişdilər. Mən Dalinin həyatını öyrənmək üçün cox vaxt sərf etdim.”

Filmdə məşhur kino-ulduzlarla yanaşı Fransanın birinci xanımı Karla Bruni muzeyin bələdçisi kimi kiçik bir rolu ifa edir.

Paris kimi film də cazibədardır. Lakin şəhərin gözəlliyi ilə baş verənlər bir-birinə uyğunlaşmır. Gil rolunun ifaçısı Oven Vilsonun özünü Vudi Alanın tipik dialoqlarına uyğunlaşdırması fikri yayındırır. Tamaşaçılara elə gəlir ki, onlar gənc Alanı seyr edirlər. İnesi oynayan Reyçel Mak Adams öz rolunu cox inandırıcı ifa etsə də, o, sanki teatr səhnəsindədir. Bütün bunlarla yanaşı filmdə çoxlu maraqlı epizodlar var və Parisin gecə sirlərini görmək olar.