Vladimir Putin Azərbaycanda səfərdədir

İlham Əliyev və Vladimir Putin

Rusiya prezidentinin böyük nümayəndə heyəti müşayiət edir
Azərbaycan və Rusiya prezidentləri səfərin yekunu olaraq mətbuat konfransı keçirib.

Mətbuat konfransında prezidentlər Dağlıq Qrabağ münaqişəsi ilə bağlı mübnasibət bildirib.

İnterfax agentliyinin məlumatına görə, İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində yaranmış durğunluqdan və beynəlxalq təşkilatların həll ilə bağlı BMT qətnamələrinin yerinə yetirilməməsindən təəssüfünü bildirib.

“BMT Təhlükəsizlik Şurasının dörd qətnamədə işğalçı Ermənistan silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması tələb olunub. Lakin bu qətnamələr hələ də kağız üzərində qalır", prezident qeyd edib.

Onun fikrincə, münaqişə tarixi ədalətə, beynəlxalq hüquq normalarına, beynəlxalq təşkilatların qərar və qətnamələrinə uyğun həll edilməlidir.

Prezident Əliyev ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın nizamlanma prosesində mühüm rol oynadığını bildirib.

Öz növbəsində, prezident Putin Dağlıq Qarabağ münaqişəsinin həllinin siyasi yolla həllinin mümkünlüyünü qeyd edib.

"Siyasi üsullarla mümkün olan münaqişənin tezliklə nizamlanmasına Rusiya fəal dəstək verir”, o qüeyd edib.

Prezident Xəzər delimitasiya və ekologiya məsələlərinin regionun bütün dövlətlərinin maraqlarına uyğun həllinin vacibliyini bildirib.

Rusiya və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq da inkişafdadır.

“Rusiya və Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın həcmi 4 milyard dollar təşkil edir”, Əliyev bildirib.

****
Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putinin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşündən sonra Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olub.

APA agentliyinin məlumatına görə, “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Neftyanaya kompaniya “Rosneft” Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında Saziş”i və “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Neftyanaya kompaniya “Rosneft” Açıq Səhmdar Cəmiyyəti arasında neft nəqlinin əsas şərtləri”ni Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və “Neftyanaya kompaniya “Rosneft” Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri İqor Seçin imzalayıblar.

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Məsələləri üzrə Nazirliyi arasında 2013-2015-ci illər dövrü üçün kompleks əməkdaşlıq planı”nı Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə naziri Vladimir Puçkov imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Aviasiya axtarışı və xilasetmə sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Rusiya Federasiyasının nəqliyyat naziri Maksim Sokolov imzalayıblar.

“Rusiya-Azərbaycan dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) - “Yaraq-qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri rayonunda Samur çayı üzərindən avtomobil körpüsü tikilməsi haqqında Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Saziş”i Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədov və Rusiya Federasiyasının nəqliyyat naziri Maksim Sokolov imzalayıblar.

“2015-ci ilə qədər olan dövrdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında humanitar sahədə Əməkdaşlıq Proqramı”nı Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov imzalayıblar


****
AzərTAc agentliyinin məlumatına görə, bu saatlarda prezident İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putinin təkbətək görüş olub.

Görüşün rəfərrüatları barədə məlumat verilmir.

Bununla yanaşı Rusiya mediası bildirir ki, tərəflər bütün əsas məsələlərdə mövqelərinin üst-üstə düşdüyünü bildirib.

Prezidentlər qarşılıqlı maraq doğutran məsələlər ətrafında geniş müzakirələr apardıqlarını bildirib.

Müzakirələrdə iqtisadi-ticarət, regional təhlükəsizlik, humanitar, nəqliyyat və digər məsələlər diqqət mətrkəzində olub.
****

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana işgüzar səfəri başlayıb.

Yerli medianın məlumatına görə, hazırda Azərbaycan prezidentinin “Zaqulba” iqamətgahında Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında danışıqlar başlayıb.

Təkbətək görüşdən sonra danışıqlar geniş tərkibdə davam etdiriləcək.

V.Putini Rusiya xarici işlər, müdafiə nazirləri və digər yüksək vəzifəli böyük hökumət nümayəndə heyəti müşayiət edir.

Sonra ikitərəfli sazişlərin imzalanması mərasimi və prezidentlərin mətbuat konfransı olacaq.

Bu gün axşam V.Putin Bakıdan gedəcək.