Accessibility links

Fredrik Syoberq: Azərbaycanlılar azad və ədalətli seçkilərə hazırdırlar


ABŞ-ın Kolumbiya Universitetinin seçki eksperti Fredrik Syoberq Amerikanın Səsinə verdiyi müsahibədə Azərbaycanda demokratik seçki perspektivlərini şərh edib. Politoloqun sözlərinə görə Azərbaycan xalqı azad və demokratik seçkilərə hazırdır, amma hökumət seçkilərə tam nəzarəti əldən verməyə həvəs göstərmir.

Sual: Dr. Syoberq, siz post-Sovet məkanında, o cümlədən Azərbaycanda seçkilər barədə geniş yazmısınız. Bu seçkiləri Qərbdəki seçkilərdən fərqləndirən başlıca xüsusiyyətlər hansılardır? Ümumiyyətlə bunları “seçki” adlandırmaq olarmı?

Cavab: Başlıca fərqləndirən cəhət seçkilərin rəqabətcil olmamasıdır. Elektorat üçün elə də çox seçim yoxdur. Amma sabiq Sovet blokunun daxilində də fərqlər var. Məsələn, bir tərəfdə Gürcüstan, Qırğızıstan və Ukrayna var. O biri tərəfdə isə Qazaxıstan, Azərbaycan, Rusiya. Azərbaycan kimi ölkələrdə biz həmişə kimin udacağını bilirik. Bunlar nəzarət olunan seçkilərdir. Əsas fərqləndirən cəhət budur. Səsverməyə rəsmilər tərəfindən nəzarət olunması isə o deməldir ki, bu seçkilər demokratik deyil.

Sual: Ümumiyyətlə, avtoritar rejimlər niyə seçki keçirməyə lüzum görürlər?

Cavab: Avtoritar rejimlər üçün seçki keçirməyin iki komponenti var – beynəlxalq və daxili səbəblər. Beynəlxalq komponent deyəndə söhbət beynəlxalq normalardan gedir. Sovet İttifaqı dağıldıqdan və Soyuq Müharibə başa çatdıqdan sonra yeni beynəlxalq düzən yarandı ki, bu, da demokratiyanın bütün dünya boyu təşviq edilməsi ilə müşayiət olunurdu. Bu kontekstdə əksər ölkələr səsvermə keçirməli oldular, çünki hamı seçki keçirirdi və bu, bir normaya çevrilmişdi. Bu normanı şərtləndirən həm də xarici yardım amili idi. Xaricdən yardım almaq üçün gərək seçki keçirəydin. Burada ölkədaxili komponent də var ki, bu, avtoritar rejimdə hakimiyyətin paylaşmasına dəlalət edir. Seçkilər hökmdar üçün onun diqqəti uğrunda ondan aşağıda mübarizə aparan qüvvələrə rəqabət aparmaq imkanı yaratmaq üçün bir vasitə ola bilər. Əgər nəzarət etdiyin seçkilər varsa, bu həm də sənə öz tərəfdarların arasında müəyyən rəqabət mühiti yaratmaq imkanı verir. Ona görə də seçkilər keçirmək üçün daxili səbəblər də var.

Sual: Azərbaycanda hər seçkidən sonra Qərbli müşahidəçilər ətraflı hesabat hazırlayaraq müsbət və mənfi elementləri qeyd edirlər. Əgər bu seçkilərin qabaqcadan müəyyən olunduğu bəllidirsə, bu növ hesabatları hazırlamağın və orada “irəli doğru müsbət addım” atıldığını qeyd etməyin nə mənası var?

Cavab: Zənnimcə burada iki məsələ var. Seçki bir tərəfdən texniki məsələdir. Burada söhbət seçici qeydiyyatından, siyahıdan, seçki günü əməliyyatlarından, seçki rəsmilərinin treyninqindən, bülletenlərin sayılmasından gedir ki, bunlar sırf texniki aspektlərdir. Bunlar elə sahələrdəir ki, Azərbaycan kimi ölkələr burada müəyyən təkmilləşmə əldə ediblər. Seçki keçirmək üçün bu texniki elementlərin təmin olunması vacibdir. Amma daha mühüm olanı mahiyyət məsələsidir ki, bu, da seçki mühitinə dəlalət edir. Məsələn, insan haqları, toplaşma azadlığı, namizədlərin qeydiyyata alınması, media azadlığı və s. Bütün bunlar seçkiləri demokratik və mənalı edir. Odur ki, fikirləşirəm ki, texniki komponentdə gəldikdə bu hesabatlarda Azərbaycanda müəyyən irəliləyişlərin qeyd olunması normal haldır. Amma bunu demokratiya ilə çaşdırmaq olmaz.

Sual: Biz tez-tez eşidirik ki, bir seçki ilə demokratiya olmur. Siz inanırsız ki, demokratiya mədəniyyəti azad və ədalətli seçkilərdən öncə gəlir? Yoxsa bunun əksidir?

Cavab: Mən bu mədəniyyət arqumentinə inanmıram. Və hesab etmirəm ki, demokratik seçki üçün demokratiya mədəniyyəti tələb olunur. Düşünmürəm ki, Tunisdə bir elə demokratik mədəniyyət var idi. Amma orada çox rəqabətcil, nəticələri qabaqcadan bilinməyən seçkilər keçirildi. Onlar indi keçid dövrünü yaşayırlar. Bu cür seçki keçirmək üçün demokratiya mədəniyyətinə sahib olmaq şərt deyil. Azad və ədalətli seçkilər istənilən məqamda keçirilə bilər. Azərbaycanda isə insanlar azad və ədalətli seçkiyə hazırdılrar. Mədəni komponent oradadır. Problem ondadır ki, rəsmilər əsas funksiyalarını seçkilərə nəzarət etmək və seçimi məhdudlaşdırmaq kimi görürlər ki, bu da seçkini şouya çevrir.

Sual: Bu yaxınlarda Gürcüstanda seçkilər keçirildi ki, bu səsvermədə iqtidar müxalifətə məğlub oldu. Sizcə qonşu ölkədə bu kimi hadisə Azərbaycan üçün müsbət gələcəyə işarə edirmi?

Cavab: Arzu edərdim ki, belə olaydı, amma skeptikəm. Bu keçid həqiqətən də misilsiz və rəvan bir prosesdir. Saakaşvili hələ də prezidentdir və onlar bir sıra məsələlərlə ayaqlaşırlar. Amma proses ümumən rəvan gedir. İdeya budur ki, Gürcüstanda siyasi keçidin normal həyata keçməsi təsdiq edir ki, institutların idarəçilikdə rolu mühümdür. Belə ölkələrdə sabitlik hökm sürür. Belə ölkələrdə yaxşı investisiya və iqtisadi inkişaf olur. Hələ ki, bu barədə son söz demək olmaz, və biz bunun işləyib-işləməyəcəyini bilmirik. Amma hələ ki, yaxşı görünür. Azərbaycana gəldikdə isə konteks fərqlidir. Ümid etmək istədrim ki, Azərbaycan rəsmiləri anlayacaqlar ki, İlham Əliyev əbədi prezident ola bilməz. Onlar Gürcüstanda olduğu kimi oxşar ölçülər götürməlidirlər ki, idarəçilik yalnız bir adamın ətrafında cərəyan etməsin. Mən Azərbaycanda belə bir şey müşahidə etmirəm. Onlar Gürcüstandakı ssenaridən vahiməyə düşə bilərlər, müxalifəti bir qədər də əzərlər. Hələlik demək tezdir, amma mən kifayət qədər skeptikəm. Ümid edirəm ki, Azərbaycandakı demokratik qüvvələr məni yanlış çıxaracaq.
XS
SM
MD
LG