Accessibility links

Rövnəq Abdullayev: Bakı-Novorossiysk kəməri ilə neft nəqlinin dayandırılması siyasi qərar deyil


Bakı-Novorossiysk neft kəməri
Bakı-Novorossiysk neft kəməri

Rusiya baş naziri mayın 5-də Bakı neftinin Bakı-Novorossiysk kəməri ilə daşınmasına dair sazişə xitam verilməsi barədə qərar verib

Rusiya hökumətinin Azərbaycan və Rusiya arasında Azərbaycan neftinin Rusiya ərazisindən nəql olunmasına dair 18 yanvar 1996-cı il Sazişin ləğvi barədə qərarı KİV-də qeyd olunduğu kimi, siyasi motivli bir qərar deyil, sırf iqtisadi xarakter daşıyır. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) məlumatında deyilir.

Rusiya hökuməti Azərbaycan neftinin Rusiya ərazisi ilə tranzitinə dair iki ölkə arasında 1996-cı il yanvarın 18-də imzalanmış sazişin qüvvədən düşməsinə dair qərar qəbul edib. Qərar Rusiyanın baş naziri Dmitri Medvedyev tərəfindən mayın 5-də imzalanıb və mayın 14-də mediada dərc olunub.

"1996-cı il 14 fevralda qüvvəyə minmiş həmin sazişdə qeyd olunur ki, tərəflərdən hər hansı biri sənədin hüquqi hökmünün dayandırılması haqqında təşəbbüs göstərməzsə, sənəd avtomatik olaraq daha bir il müddətinə uzadılır. Bu müddəaya əsasən, Rusiya tərəfinin çıxardığı qərar sazişin şərtlərinə tam uyğundur. Təqvim ili başa çatmazdan altı ay qabaq sazişin qüvvədəqalma müddətinin dayandırılması haqqında xəbərdarlıq edildiyi təqdirdə həmin müddət növbəti ilin 1 yanvar tarixindən etibarən dayandırılır", ARDNŞ-nin məlumatında bildirilir.

Qeyd olunub ki, bu məsələ ARDNŞ üçün gözlənilməz olmayıb. Hər iki tərəf müxtəlif vaxtlarda həllini tapmamış bir sıra məsələləri qaldırıb: Rusiya ərazisindən nəql olunarkən və Novorossiysk limanında saxlanılarkən Azərbaycan neftinin keyfiyyətinin dəyişməməsi, neftin keyfiyyət bankı, daşıma həcmlərinin artırılması, tarif və onun dəyişdirilməsi mexanizmləri.

Rusiya hökumətinin çıxardığı qərar Azərbaycan neftinin dünya bazarlarına daşınması məsələsinə hər hansı mənfi təsir göstərməyəcəkdir. Azərbaycan qısa müddətdə etibarlı ixrac neft-qaz kəmərləri sistemi yaratmağa və diversifikasiya etməyə nail olub.

ARDNŞ Bakı-Novorossiysk neft kəmərinin yerinə yetirdiyi tarixi missiyanı yüksək qiymətləndirir. Eyni zamanda, Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə nəqlinə dair dövlətlərarası sazişin qüvvəsinin dayandırılması bu kəmərlə Azərbaycan neftinin nəql olunmasının ümumiyyətlə dayandırılması demək deyil. ARDNŞ bu kəmərin Rusiya ərazisində idarəçiliyini həyata keçirən "Transneft" şirkəti ilə kommersiya danışıqlarının davam etdirilməsinə tərəfdar olduğunu bildirir.

Trend agentliyinin məlumatına görə, ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, cari ilin sonunadək tədarüklər mövcud sazişə uyğun olaraq həyata keçiriləcək. Tərəflər, həmçinin Azərbaycan neftinin Bakı-Novorossiysk boru kəməri üzrə nəqlinin kommersiya şərtlərinə dair danışıqlar aparacaq və bir sıra görüşlər keçirəcəklər.

Abdullayev xüsusilə bildirib ki, Novorossiysk limanında neftin keyfiyyət bankının təminatı, onun vasitəsilə üçüncü ölkələrə neftin nəqli və reversin təminatı imkanları məsələləri müzakirə ediləcək.

ARDNŞ üçün şərtlər iqtisadi cəhətdən məqsədəuyğun olacağı təqdirdə, şirkət tədarükü davam etdirəcək.

"İqtisadi cəhətdən məqsədəuyğun olmayacağı halda isə tədarüklər həyata keçirilməyəcək", - Abdullayev deyib.

O qeyd edib ki, Bakı-Novorossiysk boru kəməri Azərbaycan neftinin tədarükünün şaxələndirilməsi marşrutlarından biridir, lakin bu prosesin dayandırılması ölkə üçün problem olmayacaq.

"Bizim Bakı-Tbilisi-Ceyhan (70 faiz yüklənib), Bakı-Supsa marşrutumuz, həmçinin dəmiryol əlaqəmiz var", - Abdullayev qeyd edib.

ARDNŞ prezidenti bildirib ki, bu, kommersiya qərarıdır və mövcud məsələ siyasi müstəvidən iqtisadi müstəviyə keçib. Onun sözlərinə görə, ARDNŞ Rusiya tərəfinin qərarına anlayışla yanaşır.

Öz növbəsində, APA agentliyinin məlumatına görə, Rusiyanın Transneft şirkətinin məlumatında deyilir ki, sazişdə ildə 5 milyon tondan az olmamaqla Azərbaycan neftinin Rusiya ərazisi vasitəsilə nəqli nəzərdə tutulub.

“Lakin təcrübədə bu göstərici dəfələrlə aşağı olub: 2002-ci ildən indiyədək yalnız 2005 və 2006-cı illərdə tranzitin həcmi 4 mln. tondan çox olub, digər illik göstəricilər isə 2008-ci ildəki 1,39 mln. ton və 2004-cü ildəki 2,77 mln. ton arasında dəyişib”.

“Transneft” şirkəti bildirib ki, 2012-ci ildə Rusiya ərazisi vasitəsilə 2 mln. ton Azərbaycan nefti nəql olunub: “2013-cü il üçün sifariş 1,8 mln. ton neft təşkil edir. Bu ilin ilk 4 ayında isə 570,5 ton Azərbaycan nefti nəql edilib ki, bu da ötən ilin müvafiq göstəricisindən 13% azdır”.

Azərbaycan-Rusiya hökumətlərarası sazişində ildə ən azı 5 mln. ton neft nəql olunacağı nəzərə alınaraq 1 ton neftin tranzit haqqı 15,67 dollar müəyyənləşdirilib: “2012-ci ildə Azərbaycan neftinin nəqlindən alına bilməyən tarif haqqı 47 mln. dollar təşkil edib. Ona görə də Bakı-Novorossiysk marşrutu “Transneft” üçün sərfəli deyil. Şirkət Rusiyanın Energetika və Xarici İşlər nazirlikləri ilə əməkdaşlıq şəraitində yaranmış vəziyyətin danışıqlar yolu ilə nizamlanmasına dəfələrlə cəhd edib, lakin bu cəhdlər uğursuzluqla nəticələnib. ARDNŞ konstruktiv dialoqdan yayınıb”, Transneft bildirir.
XS
SM
MD
LG