52 vətəndaş cəmiyyəti təşkilatı İlqar Məmmədov və Tofiq Yaqublunun həbsinə etiraz edir

İlqar Məmmədov və Tofiq Yaqublu

Vətəndaş Cəmiyyəti İsmayıllı hadisələrinin səbəbini məmur özbaşınalığında axtarmağı məsləhət bilir. Beynəlxalq təşkilatlar Azərbaycanda baş verənləri yaxından izləməyə çağırılır
Azərbaycanın 52 vətəndaş cəmiyyəti təşkilatının rəhbərləri Respublikaçı Alternativ hərəkatının rəhbəri İlqar Məmmədovun və Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublunun həbsi ilə əlaqədar birgə bəyanatla çıxış ediblər.

Bəyanatda deyilir:

“Biz vətəndaş cəmiyyətinin nümayəndələri olaraq Respublikaçı Alternativ Hərəkatının sədri, Prezidentliyə namizəd İlqar Məmmədovun və “Yeni Müsavat” qəzetinin yazarı Tofiq Yaqublunun düz bir ay bundan öncə baş verən həbsini siyasi sifariş hesab edərək Azərbaycan hakimiyyətindən onları dərhal azad edilməsini tələb edirik.

İlqar Məmmədov və Tofiq Yaqublu barəsində fevralın 4-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib. Onlar Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 233 və 315.2-ci maddələri ilə ittiham edilirlər.

Tərəfimizdən aparılan ilkin araşdırmalar onu göstərdi ki, İ. Məmmədov və T. Yaqublu İsmayıllıya etiraz aksiyaları başlayandan bir gün sonra gediblər. Məhz hadisələrin ilk günü, yəni 23 yanvardan 24 yanvara keçən gecə İsmayıllıda etirazçılar yüksək vəzifəli məmurların ailə üzvlərinə məxsus otel və bir neçə bahalı avtomobil yandırmışdılar. İlqar Məmmədov və Tofiq Yaqublu İsmayıllıya yalnız yanvarın 24-ü günorta radələrində gələrək rayon mərkəzində 2 saata yaxın olub, insanlarla jurnalistlərin yanında ünsiyyətdə olmuş və etirazların səbəbləri ilə maraqlanmışlar. Onlar orda olarkən heç bir qanun pozuntusuna yol verməmiş əksinə T. Yaqublu bir jurnalist kimi öz peşə borcunu yerinə yetirib, İ. Məmmədov isə bir ictimai-siyasi xadim olaraq etirazların səbəblərini yerli əhalinin özündən eşitmək istəyib.

Hüquq mühafizə orqanları və hakimiyyət ilk öncə İsmayıllıda olan etirazı adi yol nəqliyyat hadisəsinin üstündə şişirdilmiş münaqişə kimi qələmə verdilər, daha bir neçə gün sonra etirazların əsl səbəblərini ört basdır etmək məqsədi ilə tələsik və məsuliyyətsiz hadisələrin təşkilatçılığını müxalifətin üzərinə atıb. Halbuki yol nəqliyyat hadisəsini törədən məmur övladı yerli əhalinin məmur özbaşınalığı ilə dolmuş səbir kasasını daşırdı.

Hakim partiyanın bəzi funksionerləri də İ. Məmmədovun və T. Yaqublunun hadisələr baş verən vaxtda İsmayıllıya getməsini əsas gətirərək onların hadisələrin gərginliyində maraqlı olmasına ictimai fikri yönəltmək istəyirlər. Lakin bu iddiaların absurdluğu ondan görünür ki, yanvarın 25-də Yeni Azərbaycan Partiyası (YAP) rəhbərliyinin və bu partiyadan olan Millət vəkillərinin İsmayıllıya səfəri olmuşdu. Belə çıxır ki, hakim partiya funksionerlərinin rayona səfəri yerli əhalini sakitləşdirməyə, müxalifətçilərin səfəri isə yerli əhalini iğtişaşa təhrik etməyə yönəlib. Halbuki yerli əhali yüksək çinli məmurların özbaşınalıqlarına etiraz edirdilər. İsmayıllıda etirazların eyforik həddi ilk gündə, yəni 23 yanvar axşamı baş vermişdi və etirazlar 24 yanvarda bir qədər səngiyərək yalnız yanvarın 25-i axşamı tam olaraq dayandırılmışdı.

Araşdırmalarımız bir daha göstərdi ki, İsmayıllı camaatının etirazlarına səbəb İsmayıllının İcra başçısı Nizami Ələkbərovun yaxın qohumlarının törətdikləri yol nəqliyyat hadisəsi zamanı yerli əhalini təhqir etmələri olub. Məhz bu səbəbdən etirazçılar icra başçısının qardaşı, Sosial müdafiə naziri Fizuli Ələkbərovun oğluna məxsus oteli yandırdılar və icra başçısının istefasını tələb etdilər. İsmayıllı hadisələrinin məhz məmur özbaşınalığı ucbatından baş verdiyini prezident İlham Əliyevin son çıxışından və o çıxışdan sonra baş verən hadisələrdən də aydın görmək olur. Belə ki, İ. Əliyev nazirlər və yüksək vəzifəli məmurlarla görüşdə məmur övladlarının özbaşınalıqlarından, məmurların regionlarda sahibkarları incitməsindən hiddətlənərək onları bu hərəkətlərə son qoymağa çağırıb. Əliyev həmçinin bildirib ki, bu hərəkətləri edən məmur övladları həbs olunacaq və onların valideynləri tutduqları yüksək vəzifələrdən azad olunacaqlar.

Məhz həmin çıxışdan bir neçə gün sonra prezident öz Fərmanı ilə İsmayıllının icra başçısı Nizami Ələkbərovu tutduğu vəzifədən azad etdi. Bu bir daha göstərir ki, hadisələr məmurların regiondakı özbaşınalıqları ucbatından baş verib və hüquq-mühafizə orqanlarının hadisələrin təşkilini İ. Məmmədov və T. Yaqublunun üstünə yıxması absurddur. Hazırda dövlətin müvafiq qurumları tərəfindən nazir Fizuli Ələkbərovun və onun qardaşı İsmayıllının sabiq icra başçısı Nizami Ələkbərovun İsmayıllı rayonunda çoxsaylı biznes obyektləri (əsasən daşınmaz əmlak, tikinti və torpaq sahələri) aşkarlanıb və həmin obyektlər siyahıya alınaraq onların qanuni yollarla əldə olunub-olunmadığı araşdırılır. Bəzi obyektlər o cümlədən ilk gündə yandırılan “Çıraq” oteli də dövlət qurumları tərəfindən sökülüb. İcra başçısının vəzifədən azad olunması, onun ailəsinə məxsus şübhəli yollarla qurub-yaratdığı əmlaklarının sökülməsi dolayı yolla göstərdi ki, hadisələrin səbəbkarı məmurlar idi, mərkəzi hökumət isə bu addımları yerli əhalini tam sakitləşdirmək və vəziyyəti stabilləşdirmək məqsədi ilə atıb.

Beləliklə, prezident seçkiləri keçiriləcək bir ildə prezidentliyə potensial namizəd olan İ. Məmmədovu, eləcə də ölkənin aparıcı müxalifət qəzetinin tanınmış yazarı T. Yaqublunun həbsi seçki ilində müxalifət düşərgəsinin qorxudulmasına yönəlib və hakimiyyətin bu addımı seçkilərin azad və ədalətli keçiriləcəyinə indidən haqlı şübhələr doğurur.

Məhz bu baxımdan biz Azərbaycan hakimiyyətini seçki ilində xüsusi önəm daşıyan ifadə və sərbəst toplaşmaq azadlığı sahəsində siyasi iradə nümayiş etdirərək, liberal islahatlar keçirməyə, İlqar Məmmədov və Tofiq Yaqublu, həmçinin həbsdə olan digər jurnalist və siyasi məhbusları dərhal azad etməyə çağırırıq.

Hesab edirik ki, Azərbaycan 2014-cü ildə Avropa Şurasında 6 ay sədrlik edəcək və 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarını qəbul edəcək ölkə kimi Avropa dəyərlərinə sadiqlik nümayiş etdirməli və 2013-cü ildə keçiriləcək prezident seçkilərinin azad və ədalətli şəraitdə keçirilməsini təmin etməlidir.

Biz həmçinin ATƏT və Avropa Şurasını Azərbaycanda baş verən son hadisələri yaxından izləməyə, Azərbaycan iqtidarına insan haqları sahəsində öhdəliklərə əməl etmək ilə bağlı çağırışlar etməyə və digər zəruri ölçülər görməyə çağırırıq”, sənəddə bildirilir.