Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsi amerikalı ekspertlərlə birgə müzakirə olunub (VİDEO)

Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsi amerikalı ekspertlərlə birgə müzakirə olunub (VİDEO)

Beynəlxalq Böhran Qrupunun Bakıdakı analitiki Təbib Hüseynov hər iki tərəfin qorxutma taktikasından istifadə etdiyini və bu kimi addımların prosesi ləngitdiyini bildirib

Amerikanın səsinin verdiyi məlumata görə, aprelin 12-də Vaşinqtondakı Brukinqs İnstitutunda “Cənubi Qafqazda Sülh perspektivləri” mövzusunda panel keçirilib. Tədbirin əsas müzakirə mövzuları Rusiya-Gürcüstan və Dağlıq Qarabağ münaqişəsi olub.

Birinci münaqişəyə dair analitiklər Gürcüstanın Beynəlxalq və Strateji Araşdırmalar Fondunun nümayəndəsi Arçil Qeqeşidze və Abxaz Dövlət Universitetinin tədqiqatçısı İrakli Xintba olub. Cənab Qeqeşidze hazırda Gürcüstanın təhlükəsizliyinin Moskva ilə Tbilisi arasında münasibətlərdən daha çox Vaşinqton-Moskva əlaqələrindən asılı olduğunu bildirdi. İrakli Xintba isə Gürcüstanla Rusiya arasında hələ də heç bir sülh prosesinin olmadığını dilə gətirdi.

Beynəlxalq Böhran Qrupunun Bakıdakı analitiki Təbib Hüseynov və Xankəndi Xarici və Təhlükəsizlik Siyasəti Şurasının başçısı Masis Mayilyan isə Dağlıq Qarabağ məsələsini müzakirə etdilər. Masis Mayilyan Dağlıq Qarabağın Azərbaycan və bütün dünya tərəfindən müstəqil dövlət kimi tanınmasının tərəflərin maraqlarına xidmət edə biləcəyini dedi. O, regionun inkişafı üçün xarici investisiyalara da ehtiyac olduğunu bildirdi.

Təbib Hüseynov isə danışıqların 2005-ci ildə qəbul olunan baza prinsipləri əsasında aparıldığını xatırlatdı. Bu prinsiplərin güclü beynəlxalq dəstəyə malik olduğunu dilə gətirən cənab Hüseynov Azərbaycanın bu prinsipləri qəbul etdiyini, Ermənistan tərəfinin isə hələ də mövqeyini açıqlamadığını bildirdi. O, hər iki tərəfin qorxutma taktikasından istifadə etdiyini və bu kimi addımların prosesi ləngitdiyini dilə gətirdi.

Tədbirin aparıcıları Brukinq İnstutunun elmi tədqiqatçıları Fiona Hill və Tomas De Val sual cavab sessiyasında öz mövqelərini bildirdilər. Tomas De Val məsələnin daha çox yerli həllinə üstünlük verilməli olduğunu tövsiyə etdi.

Buna baxmayaraq, rəy sorğuları azərbaycanlıların 97 faizinin ermənilərlə dostluq və barışığı qəbul etmədiyini göstərir. Təbib Hüseynov Amerikanın səsinə verdiyi müsahibədə Azərbaycan ictimaiyyətinin ermənilərlə dinc yanaşı yaşamasının mümkünlüyünü vurğulayıb:

- Eyni zaman bir çox insan anlayırlar ki, onlar ermənilərlə birgə yaşamağa, kobud desək, hətta məhkumdurlar. Burada əslində heç bir pis və ya qorxulu bir şey də yoxdur. Əgər biz Qarabağa qayıtmaq istəyiriksə, ermənilərlə bir yerdə yaşamağı bir adi şərh kimi qəbul etməliyik.

Masis Mayilyan isə Amerikanın səsinə müsahibəsində bildirib ki, hər bir ictimaiyyət sülhə həmişə hazırdır. O, təməl prinsipləri üzərində razılıq əldə edilməsi məsələsində bunları deyib: “Masa üzərində olan təkliflər Azərbaycan tərəfindən bəzi şərtlərlə qəbul edilsə də, Dağlıq Qarabağ erməniləri üçün onlar qəbuledilməzdir. Bu haqda siyasi ictimaiyyət və partiyalar öz mövqelərini bildiriblər. Vasitəçilər də zamanla ayaqlaşaraq yaranmış vəziyyətdən çıxış yolları təklif etməlidirlər. Sülh prosesi labüddür. Amma onun əsasını proqres təşkil etməlidir. Hesab edirəm ki, Madrid prinsiplərinə riayət edilsə, tərəflər müharibə deyil, sülhə yaxınlaşar”.

Təbib Hüseynov və Masis Mayilyan vətəndaş cəmiyyətləri səviyyəsində daha geniş müzakirələrə ehtiyac olduğunu bildirdilər.