Urmiyə zindanındakı məhbuslara qarşı təzyiqlər artıb

İnsan haqları qrupları Urmiyə Mərkəzi Zindanında, xüsusilə siyasi məhbuslara qarşı tətbiq edilən təzyiqlər və məhdudiyyətlərin kəskin artdığını bildirir.

Yayılan məlumata görə, siyasi məhbuslar ilə təmas və əlaqədə olan qeyri-siyasi məhbuslar da basqı və təhdidlə üzləşir.

“Mart ayının 31-də, özəl qvardiya qüvvələri zindanın 12-ci bölməsinə hücum edərək məhbusların əşyaları arasında axtarış aparıb, onların kitab, qəzet və qeyd dəftərlərini alıblar,” deyə İranda insan haqları pozuntuları ilə bağlı məlumat yayan HRA agentliyi yayıb. HRA azı üç məhbusun təkadamlıq kameraya köçürüldüyünü bildirib.

Həmçinin məhbus Umud Rəhmani Urmiyə İnqilab məhkəməsi tərəfindən “rejimə qarşı təbliğat aparmaq”da ittiham edilərək indiki həbs hökmünə əlavə olaraq üç ay bir gün həbsə məhkum olunub. HRA-nın məlumatına görə, Rəhmani siyasi məhbuslar ilə əlaqə və təmas qurduğu üçün mühakimə edilib.