Accessibility links

Urmiyədə 11 nəfər asılmaqla edam edilib


İnsan haqları barədə məlumat yayan saytlar Urmiyənin mərkəzi zindanında ötən günlərdə ikisi qadın olmaqla 11 nəfərin asılaraq edam edildiyini bildirir. Məlumata istinadən edam edilənlərin altısı narkotik qaçaqçılığı, biri isə qətl ittihamı ilə mühakimə olunublar. Digər dörd nəfərin hansı ittihamlarda təqsirli bilindiyi bəlli deyil.

Veb səhifələr asılmaqla edam edilən 7 nəfərin adını açıqlayıb: Kamil Səidi, Kamil Həbibi, Zəki Xani, Məhəmməd Gürcü, Müsəyyib Sadati, Vəli Məhəmmədzadə və Yədulla Məhmudi. Digər dörd nəfər, o cümlədən edam edilən iki qadının kimliyi ilə bağlı məlumat verilmir.

Son neçə ay ərzində Urmiyə, Ərdəbil və Təbrizin mərkəzi zindanlarında icra edilən edam hökmlərinin sayının kəskin artdığı bildirilir.

“İranda narkotik qaçaqçılığı ilə ittiham edilənlərin əksəriyyəti yoxsul insanlar, habelə qadınlar, etnik qruplar və dini azlıqların nümayəndələri, eləcə də xarici ölkələrin vətəndaşlarından ibarət olur. Bunların çoxu ədalətsiz məhkəmələrdə mühakimə edilir”, deyə Amnesty International İranla bağlı yaydığı bəyanatında qeyd edir.
XS
SM
MD
LG