Türkiyə Quru Qoşunları komandanı Azərbaycandadır

Azərbaycan müdafiə naziri Zakir Həsənovun Türkiyə Quru Qoşunları komandanı Hulusu Akarı ilə görüşü

Türkiyə-Azərbaycan hərbi əlaqələri və bölgədə hərbi-siyasi vəziyyət müzakirə edilib
Martın 10-da Türkiyənin Quru Qoşunları komandanı Hulusi Akar Azərbaycana rəsmi səfərə gəlib.

Azərbaycan müdafiə naziri Zakir Həsənovun Türkiyə Quru Qoşunları komandanı Hulusu Akarı ilə görüşündə hərbi əməkdaşlıq məsələləri müzakirə edilib.

Müdifiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazir Həsənov Azərbaycanla Türkiyə arasında əməkdaşlığın dostluq-qardaşlıq münasibətləri üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini bildirib.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri, Ermənistanın regional sabitliyə əsas təhlükə yaratdığını, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Ordu generalı Hulusi Akar iki dövlətin əlaqələrinin qədim tarixi bazaya, mehriban dostluq münasibətlərinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib.

Mətbuat xidməti bildirir ki, tərəflər həmçinin Azərbaycan-Türkiyə hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb.