Azərbaycan, Türkmənistan və Avropa İttifaqı Trans-Xəzər qaz kəməri ilə bağlı iki sənəd imzalayacaq

Caspian Sea

Birinci layihə siyasi sənəddir. İkinci sənəddə Trans-Xəzər qaz kəmərinin tikilməsi haqqında Azərbaycan-Türkmənistan hökumətlərarası sazişinin hazırlanması nəzərdə tutulur
Trans-Xəzər qaz kəmərinin çəkilməsi ilə bağlı Türkmənistan, Azərbaycan və Avropa İttifaqı arasında danışıqlar aparılıb. Hazırda bununla bağlı iki sənədin layihəsi hazırlanır. Bu barədə sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Əliyevin dediyinə görə, birinci layihə siyasi sənəddir, Türkmənistan və Azərbaycanın dövlət başçıları və Avropa Komissiyasının prezidenti Joze Manuel Barozzo imzalanmalıdır. Bu sənəd dəhlizin reallaşması haqqında dəstəkdir və Trans-Xəzər qaz kəmərinin tikilməsinə dəstək bir daha qeyd edilir.

İkinci sənəddə Trans-Xəzər qaz kəmərinin tikilməsi haqqında Azərbaycan-Türkmənistan hökumətlərarası sazişinin hazırlanması nəzərdə tutulur.

"Biz bununla bağlı görüşlər keçirmişik və demək olar ki, sənədlər hazırdır. Ancaq bir-iki məsələ var ki, tərəflərə aydın deyil. Türkmənistan tərəfi bununla bağlı razılığını bildirir. Yəni onlar bildirirlər ki, Türkmənistan tərəfi layihə üçün təxminən 30 milyard kubmetrə kimi təbii qaz verməyə hazırdır. Türkmənistan tərəfi bunu öz sahilində Avropa İttifaqına verməyə hazırdır. Azərbaycan Türkmənistan tərəfindən gələn təbii qaza tam təminat verməyə hazırdır, yəni Azərbaycan tərəfi yenidən bu layihədə iştirakını dəstəkləyir və bu işlərdə fəal iştirak edəcək. Bu kəmərin 90-cı illərdə Türkiyəyə qədər çəkilməsi üçün 3 milyard dollar qiyməti var idi, amma indi qiymətlər qalxıb, vəziyyət dəyişib. Təkcə Xəzərin dibi ilə boru xəttinin çəkilməsi 1-2 milyard dollar təşkil edə bilər", - nazir bildirib.