Accessibility links

Nabucco West kəməri Şahdəniz qazını Mərkəzi Avropaya daşıyacaq


Nabucco layihəsi
Nabucco layihəsi

Türkiyə-Bolqarıstan sərhədindən Baumqartenədək (Avstriya) marşrutu üzrə Nabucco West layihəsi Şahdəniz Mərhələ 2 qazının Mərkəzi Avropaya ixracı üçün boru kəməri variantı kimi seçilib

Şahdəniz konsorsiumu Cənubi-Şərqi və Mərkəzi Avropa istiqamətində potensial qaz ixracı marşrutlarının qiymətləndirilməsini yekunlaşdırıb. Türkiyə-Bolqarıstan sərhədindən Baumqartenədək (Avstriya) bir marşrutu nəzərdə tutan Nabucco Uest (Nabucco West) layihəsi Şahdəniz Mərhələ 2 qazının Mərkəzi Avropaya potensial ixracı üçün boru kəməri variantı kimi seçilib. Şahdəniz tərəfdaşlarının Bolqarıstan, Rumıniya və Macarıstanla əməkdaşlıqda tərtib etdikləri Cənubi-Şərqi Avropa Boru Kəməri (SEEP) layihəsinin işlənməsi isə dayandırılır.
Bu qərar 2011-ci ildə ictimaiyyətə açıqlanmış seçim meyarları əsasında qəbul edilib. Xüsusən də, Nabucco Uest layihəsinin daha yetkin olması konsorsiuma bu layihənin Mərhələ 2 ilə eyni vaxt çərçivəsində işlənib hazır ola biləcəyi əminliyini verib. Konsorsium indi həmin layihənin miqyası, texniki araşdırmaları və kommersiya təklifinin optimallaşdırılması məqsədilə Nabucco Uestlə əməkdaşlıq edəcək.
Eyni meyarlar əsasında konsorsium bu ilin fevral ayında Trans-Adriatik Boru Kəməri (TAP) layihəsini Mərhələ 2 qazının İtaliyaya ixracı üçün potensial marşrut kimi seçib. Həmin qərardan keçən müddət ərzində Şahdəniz konsorsiumu Trans-Adriatik Boru Kəməri ilə birgə işləyərək bu yaxınlarda həmin layihə ilə bir Əməkdaşlıq Sazişi bağlayıb.
Şahdəniz konsorsiumu seçilmiş hər iki boru kəməri variantının sahibləri ilə işləməkdə davam edəcək. Şahdəniz bu iki layihə arasında öz yekun seçim qərarını 2013-cü ilin ortaları üçün planlaşdırılmış Mərhələ 2 layihəsinin yekun sərmayə qərarından əvvəl verəcək, həmçinin həmin vaxtadək müvafiq qaz satışı sazişlərini də bağlayacaq. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşir: “Nabucco Uest variantının bizim əvvəlki seçimimiz olan Trans-Adriatik Boru Kəməri (TAP) ilə yanaşı seçilməsini elan etməkdən məmnunluq duyuruq. Bu, Şahdəniz Mərhələ 2 layihəsinin işlənməsi və qaz ehtiyatlarının Xəzərdən Avropaya nəql edilməsi yönümündə daha bir vacib addımdır. Biz Nabucco West və Cənub-Şərqi Avropa Boru Kəməri (SEEP) layihələrinin hər ikisinin işlənməsinə dəstək vermiş hökumətlərə və şirkətlərə minnətdarıq.”
SOCAR-ın prezidenti Rövnəq Abdullayev: “Bu qərar Avropa ölkələrinin, eləcə də Azərbaycan, Gürcüstan və Türkiyənin davamlı enerji təhlükəsizliyi ilə bağlı strateji maraqlarına xidmət edən Cənub Qaz Dəhlizi strategiyasının həyata keçirilməsinə doğru atılan mühüm bir addımdır.
Bu, Avropa bazarına şaxələndirilmiş enerji ehtiyatlarının təmin olunmasını mümkün edəcək bir ölkə kimi Azərbaycanın artmaqda olan rolunu nümayiş etdirir.”
Şahdəniz Mərhələ 2 layihəsi “Cənub qaz dəhlizi”ni açmaqla Xəzər dənizindən Türkiyə və Avropadakı bazarlara qaz çatdıracaq. Bu günədək edilmiş irəliləyiş konsorsiuma Mərhələ 2 layihəsindən ilk qaz ixracına təqribən 2017-ci ilin sonlarında başlamaq məqsədini qüvvədə saxlamağa imkan verir.
Şahdəniz Mərhələ 2 layihəsinin Mərhələ 1-dən olan ildə təqribən 9 milyard kub metr qaza ildə 16 milyard kub metr qaz hasilatı əlavə edəcəyi gözlənilir.
Gözlənilir ki, Xəzər dənizinin Azərbaycan sektorunda sahildən təxminən 70 km məsafədə yerləşən Şahdəniz yatağının Mərhələ 2 işlənməsinə körpü ilə birləşdirilən iki hasilat platforması, iki yarımdalma qazma qurğusundan qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 kilometr uzunluğunda sualtı böru kəmərləri, Cənubi Qafqaz Boru Kəmərinə (CQBK) ildə 16 milyard kub metr nəql gücü əlavə olunması və Səngəçal terminalının genişləndirilməsi daxil olacaq.
Şahdəniz qazının Türkiyə ərazisində və Avropaya daşınması üçün əlavə boru kəmərləri inşa ediləcək və genişləndiriləcək. Şahdəniz Mərhələ 2 qazını ixrac etmək üçün seçilən hər hansı ixrac marşrutu bütün müvafiq ətraf mühit, texniki təhlükəsizlik, sosial, hüquqi və dövlət nəzarəti standartlarına cavab verməyə qadir olmalıdır.
XS
SM
MD
LG