Səid Baykal: Demokratik toplum istəyiriksə, feminizmi mərkəzdə tutmalıyıq [Audio]

Səid Baykal

“İrandakı türk qadını eyni zamanda etnik mənsubiyyət üzündən də ciddi ayrıseçkiliyə məruz qaldığı üçün, bizdəki feminizmin milli ruhlu və türklüyü mənimsəyən bir axım olacağına inanmaq lazimdir,” deyə Səid Baykal Amerikanın Səsi ilə söhbətdə Güney Azərbaycanda qadın hərəkatı və feminizm anlayışı ilə bağlı öz fikirlərini izah edir. Türkiyədə mühacirətdə yaşayan sabiq siyasi məhbus İran Azərbaycanında qadın hərəkatı, habelə milli fəallar və güney toplumunun qadın məsələsinə yanaşmasını dəyərləndirməklə yanaşı İran İslam Respublikasının qadın hüquqlarına qarşı siyasətini şərh edir.
İrandakı türk qadını eyni zamanda etnik mənsubiyyət üzündən də ciddi bir ayrıseçkiliyə məruz qaldığı üçün, bizdəki feminizimin milli ruhlu və türklüyü mənimsəyən bir axım olacağına inanmaq lazimdir.
Səid Baykal

Səid Baykalın sözlərinə görə, müasir tarixin muxtəlif dönəmlərində güneydə qadın məsələsinə daha dəyişik və patriarxal normalardan uzaq yanaşmalar görünsə də, bu bütün toplumu əhatə etməyib.

“Bizim toplumda din normaları başda olmaqla adət və ənənələr qadın statusunda təyinedici rol oynamışdır. Şəbistərli Möcüzün (1837-1934) şeirləri, Məşrutə Hərəkatı və Demkorat Firqəsi dönəmində maariflənmə, qadına yanaşma şəklində sekularlaşma və başqa dəyişimlərə şahid oluruq, ancaq, bu sadəcə məhdud bir elit təbəqədə görünür və ümumxalq patriarxal normalarla davam edir,” deyə Baykal söyləyir.

Güneyli fəal habelə İran İslam Respublikasının yürütdüyü etnosentrist və patriarxal məzmunlu ideologiya siyasətlərinə işarə edir. Onun dediklərinə görə, “İran hakimiyyəti dövlət mediası, televiziya, qəzet və müəyyən bir elit təbəqə kimi vasitələrdən istifadə edərək bu ideologiyaları yuxarıdan xalqa endirməkdədir.”

Your browser doesn’t support HTML5

Səid Baykal hərəkatda qadınların rolu haqda danışır


“İran dövlətinin qapalı və doqmatik xüsusiyyətləri üzündən, fikir axımlarının disiplinli fəaliyyət aparıb gəlişmələri mümkün olmur,” deyə Səid Baykal İranda feminizm kimi mütərəqqi düşüncələri təbliğ edən cərəyanların üzləşdiyi çətinlikləri təsvir edir.
İranda mərkəziyyətçi qadın haqları fəalları hakimiyyətin təbliğ etdiyi ideologiyalardan birini - yəni şəriətçi siyasəti - rədd edib, ancaq, etnosentrizmi mənimsəyirlər.
Türkiyənin Əskişəhərində yaşayan fəal qeyri-fars qadınların xüsusi mövqelərini nəzərə almadıqları üçün İranda mərkəziyyətçi qadın haqları fəallarını da tənqid edir.

“Bunlar hakimiyyətin təbliğ etdiyi ideologiyalardan birini - yəni şəriətçi siyasəti - rədd edib, ancaq, etnosentrizmi mənimsəyirlər. Halbuki İranda Türk qadınına qarşı qadın olmasından əlavə, sırf Türk olduğu üçün də ayrıseçkilik tətbiq edilməkdədir,” deyə o, qeyd edir.

Baykal “Güney Azərbaycan Milli Hərəkatı” fəallarını qadın haqları ilə bağlı düşüncə tərzlərinə görə üç kateqoriyaya ayırır; mitolojik (mifoloji) yanaşanlar, klassik qadın azadlığı çərçivəsində yanaşanlar və postmodernizmin məhsulu olan feminizm düşüncəsini mənimsəyənlər.

O, həmçinin milli hərəkat içərisində feminizmin hərəkata zərər verəcəyini düşünən qrupların baxışını dəyərləndirib.