Türkiyə Suriya ilə danışıqları dayandırdığını və hökumət əleyhinə nümayişlərin yatırılmasına görə qonşu ölkəyə sanksiyalar tətbiq etməyi nəzərdən keçirdiyini bildirir. Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan Nyu-Yorkda türk jurnalistlərinə deyib ki, o, Suriya və Türkiyə arasında münasibətlərin bu məqama gəlib çatmasını istəmirdi, lakin Suriya hökuməti Türkiyəni bu qərarı verməyə məcbur edib. Cənab Ərdoğan bu açıqlamaları ABŞ prezidenti Barak Obama ilə BMT-nin Baş Assambleyasının sessiyası çərçivəsində görüşündən sonra verib. Onun sözlərinə görə, Türkiyə xarici işlər nazirliyinin rəsmiləri ABŞ Dövlət Departamenti ilə Türkiyənin hansı sanksiyaları tətbiq edə bilməsini müəyyən etmək üçün birgə iş görəcək. Ağ Ev bildirib ki, cənab Obama və cənab Ərdoğan görüş zamanı Suriyaya qarşı sanksiyaların tətbiq edilməsi və ölkəyə təzyiq göstərilməsi kimi mümkün yeni addımları müzakirə ediblər.