Suriya təhlükəsizlik qüvvələrinin Deyr əl-Zaur şəhəri yaxınlığında onlara daş atan sakinlərlə toqquşması insan tələfatı ilə nəticələnib. Fəallar və şahidlərin sözlərinə görə, şənbə günü təhlükəsizlik qüvvələri sakinlərə atəş açaraq üç nəfəri öldürüb. Bundan öncə şahidlər təhlükəsizlik qüvvələrinin gecə reydləri nəticəsində beş nəfərin öldüyü haqda məlumat vermişdi. Fəalların bildirdiyinə görə, təhlkəsizlik qüvvələri Dəməşq ətrafındakı rayonlar istiqamətində hərəkət edərək, mülki vətəndaşlara atəş alıb. Assoşieyted Press agentliyi buna oxşar reydlərin ölkənin şərqində yerləşən əl-Bukamal şəhərində keçirildiyini bildirir. Şahidlər və fəalların cümə günü bildirdiyinə görə, təhlükəsizlik qüvvələri ölkənin hər yerində hökumət əleyhinə keçirilən nümayişlər zamanı azı yeddi adamı öldürüb. Onlar insidentlərin Latakiya şəhərində baş verdiyini deyib. Bu arada, dövlətə məxsus mətbuatda maska geymiş təxribatçıların atəş açdığı və təhlükəsizlik qüvvələri və mülki vətəndaşlara dinamit atdığı haqda məlumat verilib.