Suriyada yeni konstitutsiya üzərində referendum keçirilirkən zorakılıqlar vüsət alıb. Əgər qəbul edilərsə, yeni konstitutsiya prezident Bəşar əl-Əsədin əlində xeyli səlahiyyət cəmləşdirəcək.
Suriya dövlət televiziyası insanlarla dolu səsvermə məntəqələrini göstərərək hökumətin referendum keçirmək qərarını mədh edib.
Müxalifətçilər səsverməni "gülünc" adlandıraraq Əsəddən hakimiyyəti tərk etməyi tələb edirlər.
Bəşar əl-Əsəd yanvar ayında vəd etmişdi ki, yeni konstitutsiya ölkədə çoxpartiyalı sistemin təsis edilməsinə yol açacaq.
Şahidlər bu gün Homsun Baba Əmr məhəlləsində partlayış baş verdiyini deyirlər. Partlayışların habelə Deir əz-Zur və Həma şəhərlərində baş verdiyi deyilir.
Suriya İnsan Haqları Müşahidəçiləri Qrupu dünən hökumətin üsyançılara hücumları nəticəsində azı 100 adamın öldüyünü xəbər verirlər.
Verilən xəbərləri müstəqil mənbə tərəfindən təsdiq etmək mümkün olmayıb.