İsrailin Azərbaycandakı səfiri: İranın terror aktlarında iştirakı danılmazdır

İsrailin Azərbaycandakı səfiri: İranın terror aktlarında iştirakı danılmazdır

İsrailin Azərbaycandakı səfirinin açıqlaması İranın Azərbaycana etiraz notasından iki gün sonraya təsadüf edir.

“İranın terror aktlarında, o cümlədən dünən Dehlidə, bu gün Banqkokda törədilmiş terror aktlarında iştirakı danılmazdır”. Bu açıqlamanı APA Agentliyinə İsrailin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Mixael Lavon Lotem verib.
Onun sözlərinə görə, İran çox pis vəziyyətdədir: “Bu ölkənin nüvə proqramına malik olması məlum faktdır. İranın terror aktlarında iştirakı şübhə doğurmur. İranın əlaltıları olan “HAMAS” və “Hizbullah” təzyiq altındadır, tərəfdaşı Bəşər Əsəd isə öz adamlarını öldürməkdə davam edir. Bu ölkəyə nə etmək qalır? Yalnız hücumları davam etdirmək”.
M. L. Lotem qeyd edib ki, Azərbaycan və İsrail bu il diplomatik münasibətlər qurmaqlarının 20 illiyini qeyd edirlər. Səfir hər iki ölkənin biznes, siyasət və mədəniyyət sahəsində uğurla əməkdaşlıq etdiyini deyib. Maykl Lotem qeyd edib ki, Bakıda işləmək İsrail diplomatik missiyasının əməkdaşları üçün məmnunluq doğurur.
İsrailin Azərbaycandakı səfirliyinin təhlükəsizliyi məsələsinə gəldikdə isə səfir qeyd edib ki, “biz tamamilə sakitik və təhlükəsizliyimizə əminik. Qoy terror aktı törətmək istəyənlər narahat olsunlar”, - deyə səfir qeyd edib.

Xatırladaq ki, İsrailin Azərbaycandakı səfirinin açıqlaması İranın Azərbaycana nota verməsindən iki gün sonraya təsadüf edir. İran Xarici İşlər nazirliyi fevralın 12-də son zamanlar İranda nüvə alimlərini öldürən İsrailin “Mossad” Kəşfiyyat Xidmətinin agentlərinin Azərbaycan ərazisi ilə İsrailə qayıtdığını bildirib. Azərbaycan Xarici İşlər Nazirliyi İranın notasını “yalan, iftira və böhtan” deyə qiymətləndirib.

Prezident Administrasiyasının şöbə müdiri, Milli Məclisin sədri və çoxsaylı deputatlar İranın notasını tənqidlə qarşılayıb.

İran tərəfinin rəsmi mövqeyini öyrənmək mümkün olmadığından rəsmi Tehranın münasibətini dərc edə bilmirik. Bununla yanaşı, İranın ali dini rəhbəri İranın hərbi potensialının İsraili 9 dəqiqədə yer üzərindən silməyə qadir olduğunu bəyan edib.