İsrail mediası Obama administrasiyasını xəyanətdə günahlandırır

  • Əsgər Möhsümoğlu

İsraildə qərargahlanan təhlilçilər Obama administrasiyasını bilərəkdən Israil və Azərbaycan arasındakı məxfi təmasları mətbuata sızdırmaqda günahlandırırlar.

ABC News-un məlumatına əsasən Xarici Siyasət onlayn dərgisində çıxan yazı Azərbaycanla İsrail arasındakı sıx hərbi əlaqələrdən və ABŞ kəşfiyyatçılarının buna münasibətindən bəhs edir. Həmin yazıda deyilir ki, İsrail İranı vurmaq üçün Azərbaycandakı hərbi hava bazalarından istifadə edə bilər.

"Bu, İsraili İrana hücumdan saxlamaq üçün aparılan kampaniyaya oxşayır," deyə Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun təhlilçisi Yoel Quzanski bildirir. "Obama administrasiyası xeyli narahatdır ki, Qüds hücum edəcək və bunu tezliklə edəcək. Onlar bunun qarşısını hər vəchlə almağa çalışırlar.”

Amerikalı kəşfiyyatçı Xarici Siyasət-də çıxan yazıda ABŞ-ın İsrailin Azərbaycanda gördüyü işləri diqqətlə izlədiyini bildirib.

Əgər bu, həqiqətdirsə onda Azərbaycanla razılıq bütün mənzərəni dəyişir. Quzanskinin sözlərinə görə belə bir anlaşma İsrail üçün İranı vurmağı xeyli asanlaşdırır.

Yediot Ahronot qəzetində “Obama İsrailə Xəyanət Edir?” başlıqlı məqalə ilə çıxış edən Ron Ben-Yişay dərc olunan məlumatı terror aktına bənzədib. Onun sözlərinə görə Obama administrasiyası əlindən gələni edir ki, İsrail rəhbərliyi üçün İrana hücum etməyi çətinləşdirsin. Ən pisi isə odur ki, baş verənlər İsrailin hücum olacağı təqdirdə itkilərini artıra bilər.