Saatlı rayon Məhkəməsi (Bakıdan 182 kilometr cənub-qərb) ictimai fəal Elvin Mustafayevi (Atilla Xan) İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535-ci (Polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə günahlı bilərək 25 sutka inzibati həbsə məhkum edib.
Bu barədə Amerikanın Səsinə Elvin Mustafayevin Saatlı rayonunda yaşayan yaxınları bildirib.
“Elvini martın 17-də Saatlı rayon Polis Şöbəsinin rəis müavini dəvət edib. O polisə gedib və həbs ediblər. Elvini sosial şəbəkələrdə Saatlıda su qıtlığı və hakimiyyətin tənqidi ilə bağlı tənqidi statuslarına görə polisə dəvət etmişdilər və həbsinin səbəbi də budur”, fəalın yaxını Amerikanın Səsinə deyib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Elvin Mustafayevin inzibati qaydada həbsini Amerikanın Səsinə təsdiq edib və ittihamın reallığı əks etdirdiyini bildirib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib ki, Elvin Mustafayev (Atilla Xan) müstəqil fəaldır.
“Heç bir siyasi partiyanın üzvü olmasa da ölkədə baş verən bütün önəmli ictimai - siyasi məsələlərə münasibət bildirir. Ən əsası da Elvin bəy savadlı, geniş dünyagörüşlü, vətənpərvər və mübariz gəncdir. Haqsızlıqla, hüquqsuzluqla barışmır. Bu zülm altında inləyən ölkəni birgə səylərimizlə xilas edəcəyimizə inanır. Bəli, belə bir gənc polis rejiminin diqqətindən kənarda qala bilməzdi və qalmadı. Polis rejimi Elvin Mustafayevi şərləyərək 25 sutka müddətinə inzibati qaydada həbs edib. Elvin bəyə və bütün siyasi məhbuslara azadlıq tələb edirik", AXCP sədri Facebook səhifəsində yazıb.
Martın 13-də Saatlı rayonunun Nabatkənd və Orta Muğan kəndlərinin sakinləri onların torpaq sahəslərinə su verilməməsinə etiraz olaraq Bakı istiqamətində avtomagistralı bağlayıb.
Polis güc tətbiq edərək aksiyanı dağıdıb, üç nəfər inzibati həbsə məhkum edilib.