Accessibility links

Saatlıda su problemi ilə bağlı etiraz aksiyası olub, saxlanılanlar var


Saatlıda su problemi ilə bağlı etiraz aksiyası (Foto Facebook-dan götürülüb)
Saatlıda su problemi ilə bağlı etiraz aksiyası (Foto Facebook-dan götürülüb)

Martın 13-də Saatlı rayon Nabatkənd və Orta Muğan kənd (Bakıdan 182 kilometr cənub-qərb) sakinləri Bakıdan gələn maqistral avtomobil yolunu bağlamağa cəhd edib. Sakinlər su problemlərinin olmasına etiraz edir.

Aksiya iştirakçıları Amerikanın Səsinə bildirib ki, bir neçə aydır əkin sahələrini suvarmaq üçün su verilmir, əkdikləri bitkilər məhv olub.

"İçməyə də su yoxdur, kanallar boşdur. Dəfələrlə şikayət, xahiş etmişik su problemi həll edilmir", etirazçılardan biri deyib.

Sakinlər dövlət tərəfindən su maşınlarının ayrılmasını tələb edib.

"5-10 ton suyu 10-20 manata satırlar. Hər həftə biz bu boyda pulu verməyə məcburuq", digər etirazçı bildirib.

Aksiya iştirakçıları Amerikanın Səsinə deyib ki, etirazçılara qarşı polis tərəfindən güc tətbiq edilib, gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edilib.

"Xəsarət alanlar var. 2 nəfəri xəstəxanaya apardılar. 8-9 nəfəri isə polis saxlayıb", aksiya iştirakçısı Amerikanın Səsinə deyib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında isə deyilir ki, martın 13-də Saatlı rayonunun Orta Muğan və Nabatkənd kəndlərinin bir qrup sakini içməli su probleminə öz narazılıqlarını bildirmək məqsədilə magistral avtomobil yolunu bağlamağa cəhd edib.

"Əraziyə gələn rayon polis şöbəsinin əməkdaşları, rayon icra hakimiyyətinin və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri onlarla izahedici söhbətlər aparıb. Bundan sonra sakinlərin əksəriyyəti geri qayıtsa da bir qrup şəxs polisin qanuni tələbinə əməl etməyərək ictimai asayişin pozulmasına yönəli qanunsuz hərəkətlərini davam etdirib. Onlar saxlanılaraq rayon polis şöbəsinə gətirilib. Hazırda araşdırmalar aparılır".

Daxili İşlər Nazirliyi aksiya iştirakçılarına atəş açılması ilə bağlı xəbəri qəti təkzib edib.

Saatlı rayonunda əkin sahələrinin suvarılması üçün əsas su mənbəyi Araz çayıdır. Son illərdə bu çayda, ümumiyyətlə çaylarda suyun səviyyəsi bir neçə dəfə aşağı düşüb.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin məlumaqtına görə, qlobal iqlim dəyişiklikləri səbəbindən ilin isti aylarında Kür və Araz çaylarının sululuqlarının azalması, dağ çaylarının böyük əksəriyyətinin isə tamamilə quruması müşahidə olunmaqdadır.

"Keçmiş illərə nəzər salsaq görərik ki, Mingəçevir su anbarına çoxsululuq dövrlərdə daxil olan su həcmi 15-16 milyard kubmetr, azsululuq illərində 8-9 milyard kubmetr olsa da, son illərdə bu göstərici 6-7 milyard kubmetrə qədər azalıb. Proqnoz məlumatlara əsasən ölkə üzrə su ehtiyatlarının 2020-2050-ci illərdə 20-25 faiz azalması gözlənilir", məlumatda qeyd edilir.

XS
SM
MD
LG