Accessibility links

Saatlı rayonunda etiraz aksiyasının 3 iştirakçısı həbsə məhkum edilib


Saatlıda su probelmi ilə bağlı etiraz aksiyası (Foto facebook-dan götürülüb)
Saatlıda su probelmi ilə bağlı etiraz aksiyası (Foto facebook-dan götürülüb)

Saatlı rayonunda (Bakıdan 182 kilometr cənub-qərb) martın 13-də keçirilən etiraz aksiyasının üç iştirakçısı həbs edilib.

Belə ki, Saatlı rayon Məhkəməsi martın 14-də Nabatkənd kəndinin sakinləri Anar Hüseynovu 20, Şıxəli Məmmədovu 12, Habil Xanlarovu 15 sutka inzibati həbsə məhkum edib.

Yerli sakinlər Amerikanın Səsinə bildirib ki, onlar polisə tabe olmamaqda təqsirli biliniblər. Polis tərəfindən saxlanılan daha beş nəfər isə dünən sərbəst buraxılıb.

Martın 13-də Saatlı rayonunun Nabatkənd və Orta Muğan kəndlərinin sakinləri onların torpaq sahəslərinə su verilməməsinə etiraz olaraq Bakı istiqamətində avtomagistralı bağlayıb.

Polis güc tətbiq edərək aksiyanı dağıdıb. Yerli sakinlərin məlumatına görə, üç nəfər xəsarət alıb.

Kür çayı, Neftçala rayonu
Kür çayı, Neftçala rayonu

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir ki, martın 13-də Saatlı rayonunun Orta Muğan və Nabatkənd kəndlərinin bir qrup sakini içməli su probleminə öz narazılıqlarını bildirmək məqsədilə magistral avtomobil yolunu bağlamağa cəhd edib.

"Əraziyə gələn rayon polis şöbəsinin əməkdaşları, rayon icra hakimiyyətinin və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri onlarla izahedici söhbətlər aparıb. Bundan sonra sakinlərin əksəriyyəti geri qayıtsa da bir qrup şəxs polisin qanuni tələbinə əməl etməyərək ictimai asayişin pozulmasına yönəli qanunsuz hərəkətlərini davam etdirib. Onlar saxlanılaraq rayon polis şöbəsinə gətirilib. Hazırda araşdırmalar aparılır," məlumatda bildirilir.

Saatlı rayonunda əkin sahələrinin suvarılması üçün əsas su mənbəyi Araz çayıdır. Son illərdə bu çayda, ümumiyyətlə çaylarda suyun səviyyəsi bir neçə dəfə aşağı düşüb.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin məlumaqtına görə, qlobal iqlim dəyişiklikləri səbəbindən ilin isti aylarında Kür və Araz çaylarının sululuqlarının azalması, dağ çaylarının böyük əksəriyyətinin isə tamamilə quruması müşahidə olunmaqdadır.

"Keçmiş illərə nəzər salsaq görərik ki, Mingəçevir su anbarına çoxsululuq dövrlərdə daxil olan su həcmi 15-16 milyard kubmetr, azsululuq illərində 8-9 milyard kubmetr olsa da, son illərdə bu göstərici 6-7 milyard kubmetrə qədər azalıb. Proqnoz məlumatlara əsasən ölkə üzrə su ehtiyatlarının 2020-2050-ci illərdə 20-25 faiz azalması gözlənilir," məlumatda qeyd edilir.

XS
SM
MD
LG