İşçi Qrupu siyasi məhbusların azadlığa çıxacağına inanır

İşçi Qrupunun mətbuat konfransı

İnsan Haqları üzrə Birgə işçi qrupuna daxil olan hüquq müdafiəçiləri oktyabrın 31-də mətbuat konfransı keçirib.

Qrupun üzvü Sahib Məmmədov işçi qrupun fəaliyyətinin bərpasını faydalı adlandırıb.

Eyni zamanda, qrupa qarşı basqıların olduğu da nəzərə çatdırılıb. Avropa Şurası baş katibinə işçi qrupuna etimadsızlıq göstərilməsi ilə bağlı 35 hüquq müdafiəçisinin imzası ilə göndərilən müraciət bu basqıların göstəricisi kimi qeyd edilib. Təzyiqlərdə jurnalist Xədicə İsmayılovanın xüsusi rolu dəfələrlə nəzərə çatdırılıb. Azərbaycan cəmiyyətində işçi qrupuna diqqət də, aqressiv münasibət də olduğu vurğulanıb.

“Biz bütün məhbusların azadlığa çıxmasını istəyirik və işçi qrup bu istiqamətdə fəaliyyət göstərir”, S.Məmmədov bildirib.

İşçi qrupunun bütün üzvləri Xədicə İsmayılova bu qrupda təmsil olunmasının əleyhinə olub. Bununla yanaşı qrupun təmsilçiləri hazırda həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovu, yeri məlum olmayan Emin Hüseynovun qrupun tərkibində görmək istədiklərini deyib.

Həbsdə olan siyasi məhbuslara işçi qrupuna etimadsızlıq göstərilməsi haqda məktub yazdırılması da mətbuat konfransında tənqid edilib.

Mətbuat konfransında bu ilin sonunadək həbsdə olan hüquq müdafiəçilərinin, QHT sektoru təmsilçilərinin azadlığa buraxılacaqlarına ümid ifadə edilib. “Hansısa məhbuslar işçi qrupundan imtina edə bilər, amma biz onların azadlığa çıxmalarından imtina etməyəcəyik”, Səidə Qocamanlı qeyd edib.

Novella Cəfəroğlu işçi qrupun yaradılması prosesində çoxsaylı çətinliklərlə qarşılaşdıqlarını bildirib. “Əgər ölkədə güclü cəmiyyət olsaydı, bu cəmiyyətin xalq kütlələri tərəfindən kifayət qədər dəstəyi olsaydı, bu qrupa ehtiyac olmazdı. Cəmiyyət güclü olmayanda problemin həlli üçün hakimiyyətlə dialoqa gedilir”, o qeyd edib.

Xanım Cəfəroğlu hökumətlə QHT sektoru, media arasında dialoqun təşkilinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. O həbsdə olan məhbusların azad edilməsi üçün dialoq yolunun effektiv olacağını deyib.

Naxçıvanda fəaliyyət göstərən hüquq müdafiəçiləri Məlahət və İlqar Nəsibovların təzyiqlərə məruz qalması, Naxçıvandan çıxmalarına yasaq qoyulması, məhkəmə prosesinə toxunan N.Cəfəroğlu bu məsələni diqqət mərkəzində saxladıqlarını, məhkəmə ilə bağlı Naxçıvana gedəcəklərini planlaşdırdıqlarını bildirib.