Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğlu Amerikanın Səsinə müsahibəsində oktyabrın 22-də fəaliyyəti bərpa edilən İnsan Hüquqları üzrə İşçi Qrupu və onun qarşısında duran məsələlərdən danışıb.
Amerikanın Səsi: Azərbaycanda bu gün sizin də iştirakınızla İnsan Hüquqları üzrə İşçi Qrupu yaradılıb. Bununla insan hüquqları sahəsində inkişaf əldə etmək mümkün olacaqmı?
Işçi qrupunda Prezident Administrasiyası, Milli Məclis üzvləri, hüquq mühafizə orqanlarının əməkdaşları və vətəndaş cəmiyyətinin nümayəndələri təmsil olunur.
Novella Cəfəroğlu: Sözsüz ki, olacaq. Birincisi bu bərpa idi. 2003-cü ildə bizdə İnsan Haqları üzrə İşçi Qrupu yaradılmışdı. Həmin qrupa iki nəfər də əlavə olundu, Əliməmməd Nuriyev və Mirvari Qəhrəmanlı. Biz hesab edirik ki, işçi qrupu daha geniş tərkibdə olacaq. Bu birinci addımdır. İşçi qrupunda Prezident Administrasiyası, Milli Məclis üzvləri, hüquq mühafizə orqanlarının əməkdaşları və vətəndaş cəmiyyətinin nümayəndələri təmsil olunur. Bu insanların birgə məqsədi insan hüquqlarının pozulmasının qarşısını almaqdır. Bu müsbət bir addımdır.
Amerikanın Səsi: Azərbaycan bu gün siyasi məhbuslar üzrə dünyanın bütün aparıcı təşkilatları tərəfindən tənqidə məruz qalan ölkədir. Ötən müddətdə heç bir nailiyyət olmayıb?
Azərbaycanda nə qədər insanların hüquqları pozulur.
Novella Cəfəroğlu: Yox, nahaq elə fikirləşirsiniz. 2005-2008-ci illərdə 177 siyasi məhbus azadlığa buraxılıb. Ondan başqa da çoxlu insanların məsələləri həmin işçi qrupunun təklifi ilə həll olunub. Bilirsiniz, həm də işçi qrupunun işini yalnız siyasi məhbus işinə yönəltmək düzgün deyil. Azərbaycanda nə qədər insanların hüquqları pozulur. Bu məsələlərin hamısını bir yerdə çözmək üçün Fuad müəllimin (Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov nəzərdə tutulur-müəllif) işçi qrupunun adını İnsan Hüquqları üzrə İşçi Qrupu adlandırması xoşuma gəldi. Yəni bu hamısını əhatə edəcək. Bilirsiniz, 2008-ci ildə işçi qrupunun fəaliyyəti qapandı. Çünki bir neçə adamı azadlığa buraxmadılar, adlarını çəkmirəm. 177 azad edilən məhbusun müqabilində bir neçə adam həbsdən buraxılmamışdı. Onun üstündə jurnalistlər yazdılar, Avropa Şurasında Ştrasserin (Avropa Şurasının siyasi məhbuslar üzrə keçmiş məruzəçisi, almaniyalı deputat Kristofer Ştrasser - müəllif) məruzəçi təyin olunması işçi qrupunu xitama verdi.
Amerikanın səsi: Siz inanırsınızmı, Azərbaycanda islahatlar olmadan insan hüquqları sahəsində hansısa böyük müvəffəqiyyət əldə olunacaq?
Bizim amacımız həbsdə olan gəncləri həbsxanadan çıxarmaqdır.
Novella Cəfəroğlu: Sözsüz ki, məhkəmə sistemində islahatlar olmalıdır. Sözsüz ki, islahatlar birinci məhkəmələrdən başlamalıdır. Bu gün bizim bütün bəlalarımız məhkəmə sistemindən gəlir. İkincisi atılan hər bir addımın müsbət bəhrəsi olur və sözsüz ki, olacaq. Bizim amacımız həbsdə olan gəncləri həbsxanadan çıxarmaqdır. Bunun uğrunda da mübarizə aparırıq. Ondan başqa da çox böyük mühüm məsələlər var. Bu mənada dialoq vacibdir. Jurnalistlərin, hüquq müdafiəçilərinin, adi insanların sözünü çatdırmaq dialoqdan asılıdır. Ümid edirəm ki, işçi qrupu nəyə isə nail olacaq.
Amerikanın Səsi: Dialoq nə vaxt başlayacaq? Çünki 2005-ci ildə parlament seçkiləri qabağı işçi qrupu oldu, indi də 2015-ci il parlament seçkiləri qabağı işçi qrupu var. Nəticə nə olacaq?
Dialoq bu gündən başlayıb.
Novella Cəfəroğlu: Dialoq bu gündən başlayıb. Sadəcə olaraq bu gün texniki işlərlə bağlı müzakirələr keçirildi. Biz indi həbsdə olan hər bir siyasi məhbusun dosyesini hazırlayırıq. Onları təqdim edəcəyik.
Amerikanın Səsi: Sizin komitənin rəyinə görə ölkədə nə qədər siyasi məhbus var?
Bizim siyahıda 27 nəfər siyasi məhbus var idi. İndi dörd nəfər azad edilib, 23 nəfər qalıb.
Novella Cəfəroğlu: Bizim siyahıda 27 nəfər siyasi məhbus var idi. İndi dörd nəfər azad edilib, 23 nəfər qalıb. Bir də məhkəməyədək həbsdə olanlardır. Bunlar Leyla Yunus, onun həyat yoldaşı Arif Yunus, İntiqam Əliyev və b. bunlar barədə hələ məhkəmə qərarı yoxdur. Onlar barədə isə təklif edirik ki, bu insanları məhkəmə zalından buraxsınlar. Biz hətta təklif etmişik ki, Rəsul Cəfərovu, İntiqam Əliyevi həbsdən azad etsinlər ki, işçi qrupuna daxil olsunlar. Eyni zamanda Emin Hüseynova imkan yaratmalıdırlar ki, işçi qrupuna daxil olsun.
Amerikanın səsi: Amma işçi qrupunun iki həmsədri oldu. Niyə məhz hökumət və parlament üzvləri həmsədr oldu, vətəndaş cəmiyyətindən həmsədr olmadı. Səbəbi nədir?
Hamı mənim həmsədr olmağıma razı idi.
Novella Cəfəroğlu: Sözün düzü vətəndaş cəmiyyətindən həmsədrliyə mənim namizədliyimi verdilər. Hamı mənim həmsədr olmağıma razı idi. Amma mən hesab etdim ki, işlərim çoxdur və bu səbəbdən namizədliyimi geri götürdüm.
Amerikanın səsi: Vətəndaş cəmiyyətindən həmsədr olmayacaq?
Novella Cəfəroğlu: Bəlkə də olacaq, ayrı adamı təklif edəcəklər. Amma mən imtina etdim.
Amerikanın Səsi: İşçi qrupu hökumət qarşısında hansı təkliflərlə çıxış etmək fikrindədir? Xüsusilə vətəndaş cəmiyyətinin durumu ilə bağlı hansı təkliflər irəli sürüləcək?
Çoxsaylı qeyri hökumət təşkilatlarının bank hesabları bağlanıb. Bunların hamısı ilə bağlı məsələ qaldırılacaq. İstəyirik ki, bunların həlli tapılsın.
Novella Cəfəroğlu: Məhkəmələrin şəffaf keçirilməsi, məhkəmələrin heç kəsdən asılılığının olmaması ilə bağlı təkliflər verəcəyik. Çünki bütün məsələlər məhkəmələrdə həll olunur.
Çoxsaylı qeyri hökumət təşkilatlarının bank hesabları bağlanıb. Bunların hamısı ilə bağlı məsələ qaldırılacaq. İstəyirik ki, bunların həlli tapılsın. Yəni hakimiyyətlə vətəndaş cəmiyyətlərinin, vətəndaşların bu qədər qarşıdurması olmasın. Bu məqamda dialoq çox vacibdir.