Siyasi məhbuslarla bağlı dinləmə keçirilib

Leyla Yunus və Repressiya Qurbanlarının Hüquqlarını İctimai Müdafiə Komitəsinin iclası

Leyla Yunus və Repressiya Qurbanlarının Hüquqlarını İctimai Müdafiə Komitəsi bütün siyasi məhbusların hüquqlarını müdafiə edəcək

Leyla Yunus və Repressiya Qurbanlarının Hüquqlarını İctimai Müdafiə Komitəsi siyasi məhbusların hüquqlarının müdafiəsi ilə bağlı dinləmələr keçirib. Dinləmələrdə hüquq müdafiəçiləri, siyasi partiyalar iştirak edib.

Komitənin sədri Cəmil Həsənli qurumun yalnız Leyla və Arif Yunusların deyil, siyasi məhbusların vahid siyahısında olan bütün siyasi məhbusların hüquqlarını müdafiə etdiyini deyib.

Hüquq-mühafizə orqanlarının son vaxtlar həbsə aldıqları vətəndaş cəmiyyəti institutları təmsilçilərinə qarşı vergidən yayınma ittihamının kütləvi tətbiqini verginin siyasiləşdirilməsi kimi dəyərləndirilib. “Bütün bu hallar hakimiyyətin hüquqa hörmət etməməsindən irəli gəlir. 2012-ci ildən başlayaraq hakimiyyətin davamlı olaraq siyasətçiləri, gənc fəalları, dindarları həbsə alması cəmiyyətin gözünü qorxutmaq, hüquq və azadlıqlardan geri çəkilməsinə nail olmaq cəhdidir”, Həsənli qeyd edib.

Tədbirdə tanınmış vəkil İntiqam Əliyevin də həbsinə toxunulub.

Qeyd edilib ki, İ.Əliyev Avropa Məhkəməsinə ən çox iş göndərən vəkildir. 2010-cu il parlament seçkiləri ilə bağlı 76 işdən 51-nin kommunikasiya mərhələsində olduğu vurğulanıb. Bu şikayətlər Avropa Məhkəməsində təmin edildiyi halda parlament seçkilərinin saxta olması tam sübuta yetiriləcək.

L.Yunusun həbsinə səbəb kimi vahid siyasi məhbus siyahısının razılaşdırılması, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarını dünya ölkələrini boykota çağırması göstərilib.

Siyasi Məhbuslar üzrə İşçi Qrupun rəhbərlərindən Şahvələd Çobanoğlu deyib ki, həbslərə qədər vahid siyasi məhbus siyahısının müəyyən olunub. Hüquq müdafiəçisi Leyla Yunus həbsindən iki gün öncə digər hüquq müdafiəçisi Rəsul Cəfərovla razılaşaraq ölkə üzrə vahid siyasi məhbus siyahısını imzalayıblar. “Fikrimcə, vahid siyasi məhbus siyahısının hazırlanması və ona alternativ olmaması hər iki hüquq müdafiəçisinin həbsində əsas rol oyanyıb”, Cobanoğlu bildirib.

Siyahıdakı siyasi məhbusların hər birinin həbsinin səbəbləri ətraflı öyrənilib, siyasi məhbus üzrə Avropa Şurası meyarlarına cavab verdiyi dəqiq müəyyən edildikdən sonra siyahı təsdiqlənib.

Bu siyahı 28-ə qədər vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri və vəkillər tərəfindən tanınıb. Daha sonra siyasi partiyalar bu siyahını tanıyıblar. Hazırda cəmiyyətdə bu siyahıya alternativ olan hər hansı siyasi məhbus siyahısı yoxdur.

Öz növbəsində Azərbaycan hökuməti ölkədə siyasi məhbus olması ilə bağlı iddiaları qəbul etmir. Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycanda siyasi məhbus yoxdur”, - deyə Avropa Şurasının Parlament Assambleyasının sessiyasındakı çıxışında bildirib.

Bununla yanaşı AŞPA Azərbaycanda siyasi məhbuslarla bağlı hesabat hazırlayacaq deputat təyin edib.