Məhkəmə Yadigar Sadıqovun cəzasını yüngülləşdirməyib

Yadigar Sadıqov

14 saylı Cəzaçəkmə Müəssisəsində Müsavat Partiyası başqanın müaşaviri Yadigar Sadıqovun məhkəməsi keçirilib

Noyabrın 7-də 14 saylı Cəzaçəkmə Müəssisəsində Müsavat Partiyası başqanın müşaviri Yadigar Sadıqovun məhkəməsi keçirilib.

Bu barədə Yadigar Sadıqovun Hüquqlarının Müdafiəsi Komitəsinin yaydığı bəyanatda deyilir.

Sənəddə deyilir ki, məhkəmə prosesinin keçirilməsinin əsas səbəbi başqan müşavirinin cəzasının qalan hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi baradə idi.

Qaradag rayon Məhkəməsinin hakimi Rəşad Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesi barədə Y.Sadıqovun vəkilinə məlumat verilməyib.

Məhkəmədə onu dövlət tərəfindən təyin edilmiş vəkil müdafiə edib.

Bəyanatda deyilir ki, məhkəmə Y.Sadıqovun cəzanın qalan hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi haqda ərizəsini təmin etməyib.

"Məhkəmə qərarında əsas kimi cəzaçəkmə müəssisəsinin göndərdiyi “Y.Sadıqov peşmançılıq hissi keçirmir, əməyə meylli deyil, səhərdən axşama kimi kitab oxuyur”, şəklində xarakteristikası götürülüb.

“Ölkə başçısı İlham Əliyevin cənab Yaqlandla (Avropa Şurasının baş katibi-red) razılaşması əsasında guya siyasi məhbusların azadlığa buraxılması üçün yaradılmış və ya fəaliyyəti bərpa edilmiş “işçi qrupu”nun fəaliyyətə başladığı yeni dövrdə Beynəlxalq İnsan Haqları Təşkilatları tərəfindən vicdan məhbusu kimi tanınan Y.Sadıqov haqda əvvəlki sifarişli məhkəmə qərarlarının eyni qaydada davam etdirilməsi, günahsız yerə həbs edilmiş şəxslərin ləyaqətlə azadlığa buraxılacağı yönündə “işçi qrupu”na olan ictimai etimadsızlığı daha da möhkəmləndirir", sənəddə deyilir.

Müdafiə Komitəsi bəyan edir ki, əvvəlcədən siyasi motivlərlə həbs edildiyi və hakimiyyətin siyasi iradəsinə görə hələ də eyni əsaslarla həbsdə saxlanıldığı heç kimdə şübhə doğurmayan Y.Sadıqov haqda Qaradağ rayon məhkəməsinin hakimi R.Məmmədovun sovetdən qalma “əməyə meylliliyi yoxdur, ona görə də islah olunmayıb” qənaəti ilə hüquqdan uzaq qərar çıxarması Y.Sadıqov haqda verilmiş siyasi sifarişin inadla davam etdirilməsidir”, bəyanatda qeyd edilir.