İsa Qəmbər: Müsavat feodal dövrünə qayıdışa imkan verməyəcək [Video]

Your browser doesn’t support HTML5

İsa Qəmbər :Hakimiyyət bilməlidir ki, Müsavat ölkənin feodal dövrünə qaytarılmasına imkan verməyəcək

Müsavat Partiyasının başqanı İsa Qəmbər partiya rəhbəri kimi sonuncu mətbuat konfransını keçirib

Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər partiya rəhbəri kimi sonuncu mətbuat konfransını keçirib. Mətbuat konfransında Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal və onun müavini İsa Yaşar Tezel də iştirak edib.

Sentyabrın 27-də Müsavat Partiyasının növbəti qurultayı olacaq və İsa Qəmbər partiya nizamnaməsinə uyğun olaraq partiya sədrliyinə namizədliyini irəli sürməyib.

“Müsavat Partiyasının başqan seçkisi demokratiya nümunəsidir və hakimiyyətə xəbərdarlıqdır. Hakimiyyət bilməlidir ki, Müsavat ölkənin feodal dövrünə qaytarılmasına imkan verməyəcək”, İsa Qəmbər qeyd edib.

Onun sözlərinə görə Azərbaycan iqtidarı ömürlük vəzifələr müəyyən edib. Qəmbər bu zaman prezident, baş prokuror, ombudsman, şeyxülisalm və başqa vəzifələri sadalayıb. “Əliyevlər rejimi ölkəyə feodal rejimi gətirib. Ömürlük vəzifələr müəyyən ediblər. Hətta deputat yerləri də ömürlük olub. Vəfat etmiş deputatın yerinə oğlunu gətirirlər. Halbuki 100 il bundan qabaq Müsavat Azərbaycana demokratiya gətirib”.

Onun fikrincə Müsavat başqanlığına namizədlərin yarışı demokratik olub və seçkilər də aşkar şəraitdə keçiriləcək.

“Bu seçkilərlə Müsavat azad seçkilərin mesajını verir. Müsavatdakı seçkilər əvvəlcədən nəticələri bəlli olan seçki praktikasını sarsıdacaq”, Müsavat başqanı bildirib.

Cəmil Ünal hesab edir ki, “İsa Qəmbərin seçkidə iştirak etməməsi dönə-dönə kreslosunu zəbt edənlərə ciddi siqnaldır”.

“Müsavat həm millətin tarixi, həm də taleyidir. İsa Qəmbər Müsavat Partiyasını ötən 25 ildə Məmməd Əmin Rəsulzadənin miras qoyduğu şəkildə bu günə qədər gətirib.

Yeni başqan seçkisi yeni dövrün başlanğıcı olacaq. Təbii ki, seçki bir yarışdır. Bir nəfər başqan seçiləcək, digərləri isə yenə də bu partiyada Müsavat ideyalarını davam etdirəcək”, o qeyd edib.

İsa Qəmbərin seçkilərdən sonra hər hansı vəzifəyə iddiası yoxdur.

“Müsavat başqanı olmaq nə qədər şərəflidirsə, üzvlük də bir o qədər şərəflidir. Mən liderlik və ya başqa hər hansı statusu qəbul etmirəm. Partiya üzvləri seçərlərsə Məclis üzvü ola bilərəm. Milli Strateji Düşüncə Mərkəzinin sədriyəm və hesab edirəm ki, burada daha çox fayda verə bilərəm”.

O, Müsavat başqanı kimi fəaliyyətindən danışarkən deyib ki, 22 illik başqanlığı dövründə iqtidarla mübarizəsini “heç-heçə” başa vurub.

“22 il ərzində Əliyev rejimini dəyişməyə çalışdım, onlar da məni dəyişməyə çalışdı. Nə mən onları dəyişə bildim, nə də onlar məni dəyişə bildi. Heç-heçə oldu. Təbii ki, bu dəyərlərin mübarizəsidir”, Qəmbər bildirib.

Bununla yanaşı o Müsavat Partiyasının 2000-ci il parlament və 2003-cü il prezident seçkilərində reallıqda qalib gəldiyini deyib. “Bu qələbələr hesablansa idi, iqtidarın qapısına böyük qollar ola bilərdi. Müsavat yalnız dinc yolla mübarizə aparır. Biz başqa mübarizə yolunu qəbul etmirik. Müsavatın tarixinə nəzər salsanız, qonşu ölkələrdə siyasi partiyalar güc mübarizə yolunu tutmasına baxmayaraq Müsavat bu yoldan qəti imtina edib.

Güc yolu ilə hakimiyyəti ələ keçirənlərlə dinc yolla mübarizə aparan partiyanın fərqi, üzvlərinin fədakarlığıdır. Müsavat hakimiyyətə gəlmək üçün qan tökmək, gücdən istifadıə etmək istəmir”.

O, Müsavatın Əliyev rejiminə yaxın zamanda qalib gələcəyinə əmindir. “Əliyev rejimi bitmək üzrədir, çürüyüb. Daxili və beynəlxalq baxış rejimin sonunun çatdığını zəruri edir. Müsavat iki dəfə hakimiyyətə gəlib və xalqın iradəsi ilə üçüncü dəfə də gələcək. Bu dəfə demokratik qüvvələrin hakimiyyəti uzunmüddətli olacaq”.

İsa Qəmbər Amerikanın Səsinin sualının cavabında 2018-ci il prezident seçkilərində iştirak edəcəyini bildirib. “Əgər Müsavat qurultayı namizədliyimi irəli sürərsə seçkilərdə iştirak edəcəm”, o qeyd edib.

O, başqan seçkilərindən sonra partiyadan qopmaların olacağını da istisna etməyib.

“Amma partiyadan ciddi qopmaların olacağına inanmıram. Kimlərsə gedəcəksə, bu heç nəyi dəyişməyəcək. Müsavat öz yolunu davam etdirəcək”, İsa Qəmbər bildirib.