Dövlət itthamçısı NİDA-çı gənclərə iş istəyib

NİDA-çıların səssiz aksiyası

Aprelin 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə NİDA Vətəndaş Hərəkatının üzvlərinə dövlət ittihamçısı iş istəyib.

Vəkil Fariz Namazlının Amerikanın Səsinə verdiyi məlumata görə dövlət ittihamçısı iş üzrə təqsirləndirilənlər Zaur Qurbanlıya 8 il 6 ay, Rəşadət Axundova 8 il 6 ay, Rəşad Həsənova 8 il, İlkin Rüstəmzadəyə 8 il 6 ay, Bəxtiyar Quliyevə 8 il, Məmməd Əzizova 8 il, Şahin Novruzluya 6 il 6 ay, Üzeyir Məmmədliyə 7 il 6 ay cəza verilməsini istəyib.

Prokurorun çıxışından sonra Rəşad Həsənov replika hüququndan istifadə etmək hüquqlarının olduğunu xatırladıb. Hakim buna icazə verməyib.

Bundan sonra müttəhimlər prokurorun çıxışına etiraz əlaməti olaraq bu gündən aclıq aksiyasına başladıqlarını bəyan ediblər.

"Azad olunana qədər aclığı davam etdirəcəyik", deyə gənc faəllar bildirib.

Məhkəmə aprelin 22-də davam edəcək. Həmin gün vəkillər müdafiə çıxışlarına başlayacaq.

İttiham aktına görə, gənclər martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşıblar.

“Azad Gənclik” Təşkilatının sədri İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq əvvəl ona xuliqanlıq ittihamı irəli sürüb. Sonra işə kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdi ittihamı da əlavə olunub.

Gənclər ittihamları qəbul etmir. Həbslərinin siyasi sifarişli olduğunu iddia edirlər.

“Amnesty İnternational” beynəlxalq insan hüquqları təşkilatı onları vicdan məhbusu elan edib.