Ranko Krivokapiç: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tezliklə nəticə əldə etməliyik

ATƏT Parlament Assambleyasının prezidenti prezident İlham Əliyevlə görüşüb
“ATƏT-in Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Lissabon, Madrid prinsipləri, BMT-nin qətnamələri və digər beynəlxalq təşkilatların prinsipləri var. ATƏT də bu prinsipləri izləyir və onu yerinə yetirməyə çalışır”.

Bu barədə jurnalistlərə açıqlamasında ATƏT Parlament Assambleyasının prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun fəaliyyətində ciddi irəliləyişlərə nail olmaq üçün hazırda ATƏT-in sədri ilə çalışırlar.

“Məqsədimiz odur ki, artıq ciddi nəticələr əldə edək. Çünki son vaxtlar Ukrayna ilə bağlı baş verən hadisələr göstərdi ki, biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gərgin işləməli, tezliklə nəticə əldə etməliyik”, deyə ATƏT PA-nın prezidenti bildirib.

Eyni zamanda Prezident İlham Əliyev aprelin 16-da Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ATƏT Parlament Assambleyasının illik sessiyasının Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulayan qonaq bunu əməkdaşlığın yeni mərhələsi kimi dəyərləndirib.

Ranko Krivokapiç ATƏT-in Azərbaycan ilə əməkdaşlığı müxtəlif istiqamətlərdə inkişaf etdirməkdə maraqlı olduğunu deyib.

Dövlət başçısı ATƏT-in Bakı ofisinin yeni statusda fəaliyyətə başlamasının əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.