Sevil Süleymani: Qadınların şəhər şuralarına seçilməsi müsbətdir [Audio-Müsahibə]

Sevil Süleymani

Sevil Süleymani İranda qadınların şəhər və kənd şuralarına seçilməsini ümumiyyətlə müsbət qiymətləndirir, amma beləliklə, ölkədə qadın haqları durumunun yaxşılaşacağını düşünmür. Amerikanın Səsinə müsahibədə İranda prezident və şura seçkilərini dəyərləndirən feminist fəalın fikrincə, İran seçkilərində səs vermək şiə ideologiyasına əsaslanan bir krallıq forması olan Vilayəti-Fəqih sistemini legitimləşdirməyə xidmət edir.

Your browser doesn’t support HTML5

Sevil Sülyemani İranın seçki sistemini şərh edir


Sevil Süleymaninin dediklərinə görə, “İrandakı Vilayəti-Fəqih sistemi əslində legitimliyini şiə ideologiyasından alan bir krallıqdır. Seçkilərdə namizədlər bu sistem tərəfindən təsdiq ya rədd edilir. Seçkilər vilayəti-fəqihin seçdiyi namizədlər arasında keçirilir. Bu durum əsasən seçkilərin mahiyyətini sual altına aparır.”

Təbriz və Urmiyədə seçki afişaları

“Bu durumda, hər kəs gedir bu seçkilərə qatılır, İranda olan bu sistemi təsdiq edir və ona legitimlik verir,” o söyləyir.

Ümumiyyətlə qadınların şəhər şuraları seçkilərinə daxil olması məncə müsbətdir. Amma, mənim ümidim yoxdur ki, bundan qadın söyləmi üçün böyük bir dəyişiklik çıxsın.
Sevil Süleymani

Süleymani əlavə edir, “seçki mühəndisliyi ifadəsi İrandakı seçkiləri çox yaxşı açıqlayır... İbrahim Rəisi kimi mənfur bir şəxsiyyəti gətiriblər ki, adı gələndə hərkəs qorxsun. Bütüm qrupların təbliğatı da bu əsasda formalaşıb ki, Ruhaniyə səs verin, Rəisi çıxmasın... Amma məncə, bu gün Ruhaninin çıxması hakimiyyətin xeyrinədir.”

O, sadəcə prezident seçkilərində deyil, digər seçkilərdə də buna oxşar siyasətin yürüdüldüyünü vurğulayır.

Feminist fəal mühafizəkar və islahatçı qrupların qadın məsələsinə baxışına diqqət çəkərək qadınların şəhər şuralarına namizədliyini dəyərləndirir:

“Qadın məsələsi nizamın həssas məsələlərindən sayıldığı üçün islahatçılar belə heç zaman açıq-aydın qadın məsələsini ortaya qoymurlar. Etnik məsələlərə dair şüar versələr də, qadın məsələlərində o şüarı da verə bilmirlər. Seçkilərə namizəd olan qadınlar da muhafizəkar ya islahatçı qrupların tərkibində gəlirlər.”

Süleymani həmçinin qadın namizədlərin yürütdüyü seçki kampaniyalarına işarə edir:

“Bir də heç bir siyasi söyləmə bağlı olmayan bəzi qadın namizədlər var. Maraqlısı budur ki, bunların hamısı öz posterlər və plakatlarında gözəllik və görünüşə diqqət çəkirlər. Bəzəkli-düzəkli [şəkillər] qoyaraq təbliğat aparırlar.”

Seçki mühəndisliyi ifadəsi İrandakı seçkiləri çox yaxşı açıqlayır... İbrahim Rəisi kimi mənfur bir şəxsiyyəti gətiriblər ki, adı gələndə hərkəs qorxsun. Bütüm qrupların təbliğatı da bu əsasda formalaşıb ki, Ruhaniyə səs verin, Rəisi çıxmasın...
Sevil Süleymani

Sevil Süleymani bunlara baxmayaraq qadınların şəhər şuralarına seçilməsini ümumiyyətlə müsbət qiymətləndirir.

“Amma, ümumiyyətlə qadınların şəhər şuraları seçkilərinə daxil olması məncə müsbətdir. Ən azından siyasi sahəyə girir. Yəni toplumda fəaliyyətə başlayır. Şura seçkildikdən sonra əhali qarşısında məsuliyyəti olacaq. Bəzi söyləmləri öyrənməyə məcbur olacaq və başqa qadınların fəallaşmasına da kömək edə biləcək... Bunlar ümumiyyətlə müsbətdir. Amma, mənim ümidim yoxdur ki, bundan qadın söyləmi üçün böyük bir dəyişiklik çıxsın.”

Sevil Süleymani seçkilərə qatılıb səs verənlərin, siyasi düşüncə baxımından eyni şəraitdə olan qadın və kişi namizədlər arasından qadınlara səs verməyi daha düzgün hesab edir.

“Mən bir feminist olaraq, eyni şərtlərdə olan kişi və qadın namizəd varsa, deyərəm ki qadına üstünlük verilsin. Bunu müsbət ayrı-seçkilik görürəm. İranın durumuna baxaraq mənim ümidim yoxdur ki, bu vasitəsilə qadın haqları baxımından bir dəyişiklik olsun. Amma, feministlərdə bir söz var ki, bir gücə sahib olan insandan, o gücü daha geri ala bilməzsən.”