Yerli internet portallarında Tehranda şəhər şuraları seçkiləri ilə əlaqədar Tehran Türkləri (Birlik Səsi) Koalisiyası imzası ilə yayımlanmış bir bəyanat dərc edilib. Koalisiya Tehranın türk əhalisinə müraciət edərək, şura seçkilərində 6 namizədə dəstək tələb edib.
Urmiyədə fəliyyət göstərən Yol Press kimi internet portallarında yayımlanan sənədə istinadən “Birlik Səsi” həmçinin Tehranda yaşayan türklərin bəzi tələblərini gündəmə gətirib.
Bəyanatda dəstəklənən namizədlər arasında həm mühafizəkar, həm də islahatçı qruplara mənsub türk siyasətçilərin adı görünməkdədir
Siyahıda adları keçənlərdən Şəhrbanu Əmani və Əliməhəmməd Qəribani keçmişdə Urmiyə və Ərdəbil şəhərlərinin millət vəkili, höccətül-İslam Əbdülmuqim Nasehi Tehran şəhər şurasının üzvü, Əhməd Həkimipur isə Zəncan millət vəkili və Tehran şəhər şurasının üzvü olub.
Müraciətdə yazılanlara görə, dəstəklənən namizədləri müəyyən etmək üçün Tehranda türk mədəniyyəti və dili uğrunda fəaliyyət yürüdən birliklər və dərnəklər ilə müzakirə edilib və seçilmə şansı olan namizədlərin dəstəklənməsinə qərar verilib.