İsa Qəmbər: İlham Əliyev o cümlə ilə özünün həqiqi mövqeyini ortaya qoyub (Audio)

Mitinqdə siyasi və sosial tələblər irəli sürüləcək. İnsanların mülkiyyət hüququ, söz və mətbuat azadlığı, siyasi məhbuslara azadlıq şüarları qaldırılacaq.

Müsavat Partiyasının başqanı İsa Qəmbər Amerikanın Səsi radiosuna müsahibəsində aprelin 22-də İctimai Palatanın keçirəcəyi mitinq, prezident Əliyevin müxalifətin mitinqi, demokratiya, söz azadlığı və korrupsiyaya qarşı mübarizə ilə bağlı bəyanatlarından danışıb. O dövlət başçısının dediklərinin reallığı əks etdirmədiyini bildirib.

Sual: Bazar günü keçirəcəyiniz mitinqin əsas şüarları və çağırışları nə olacaq?

Cavab: Bu mitinqdə qətnamə də, şüarlar da köklü surətdə dəyişə bilməz. Çünki vəziyyət dəyişmir. 8 aprel mitinqində irəli sürdüyümüz tələbləri bir də dilə gətirəcəyik. Bu mövcud qeyri-legitim parlamentin buraxılması və həqiqi bir seçki ilə xalqın iradəsinin formalaşdırdığı yeni parlamentin seçilməsi, siyasi və vicdan məhbuslarının azadlığı, jurnalistlərə, cəmiyyətə, siyasilərə fəaliyyət azadlığı verilməsi, söz, ifadə, mətbuat azadlığının bərqərar edilməsidir. Mitinqdə sosial tələblər də gündəlikdə olacaq. İnsanların mülkiyyət hüquqlarının qorunması əsas hədəflərimizdən biridir. Əmanətlərin qaytarılması ilə bağlı şüarlar olacaq. Əslində hakimiyyət əmanətlərin qaytarılması ilə bağlı deyil, qaytarılmaması ilə bağlı fərman verib. Biz əmanətlərin birə-bir qaytarılmasını tələb edirik. Bir sıra digər sosial tələblər də səsləndiriləcək. Bütövlükdə xalqı düşündürən və narahat edən problemlər İctimai Palatanın da gündəliyindədir. Bu problemlərin həllini biz, əslində rejimin dəyişməsində görürük.

Sual: Azərbaycan prezidenti bu günlərdə mitinqinizlə bağlı münasibət bildirib. Eyni zamanda, söz azadlığı, demokratiya, insan hüquqları, korrupsiyaya qarşı mübarizə ilə bağlı da münasibət bildirib. Sizin münasibətiniz necədir?

Cavab: Hakimiyyət uzun illərdir ki, imitasiya ilə məşğuldur. O cümlədən, demokratiyanı imitasiya edir. Nə qədər ki, beynəlxalq birlik müəyyən geopolitik səbəblərdən, təhlükəsizlik ağırlığından və iqtisadi əməkdaşlıq maraqlarından bu imitasiyaya göz yumurdu, bunun bir anlamı var idi. Ancaq, indi dünya dəyişib. Dünyada totalitarizmin, avtoritarizmin, korrupsiyanın, insan haqlarının total şəkildə pozulmasının sonu gəlir. Təəssüf ki, Azərbaycan hakimiyyəti bunu bir sıra avtoritar rejimlər kimi dərk etmir. Ona görə də hakimiyyətin imitasiyası indi gülüncdür. Hakimiyyət bir tərəfdən xalqa, insanlara toplaşmaq azadlığı verməyəcək, insanları ucqarlara göndərəcək, sonra da İlham Əliyev insanlara “sizə bu yer yaraşır” deyə lağ edəcək. Ziqmunt Freydin nəzəriyyəsinə görə, bəzən insanların alt şüuru, onlara fikirlərini gizlətməyə imkan vermir. İlham Əliyev də o cümlə ilə özünün həqiqi mövqeyini ortaya qoyub. Müxalifətə düşmən münasibət bəslədiyini, xalqa ikinci növ insan kimi baxdığını həmin ifadədə nümayiş etdirib. Ancaq, Azərbaycanın bütün guşələri bizim üçün əzizdir. Azərbaycanın hər yerində sözümüzü deməyə və Azərbaycan xalqı ilə bir yerdə olmağa hazırıq. Əminəm ki, xalqın fəallaşması nəticəsində Azərbaycanın hər yerində, o cümlədən də Dağlıq Qarabağda dinc nümayişlər keçirmək məqamına gəlib çatacağıq.

Sual: Son zamanlar jurnalistlərə qarşı fiziki təzyiqlər, ifşaedici materiallar yayılması halları çoxalıb. Bunu necə qiymətləndirirsiniz? Xüsusilə, İdrak Abbasovun döyülməsini necə qiymətləndirirsiniz?

Cavab: Bu vəhşilikdir. Bunun heç bir izahı ola bilməz. Yəni, insanların mülkiyyətini zorla əlindən alırlar, kasıb-kusubu evsiz qoyurlar. Eyni zamanda, bunu müşahidə edən jurnalistləri döyürlər. Bunu videoya çəkməyə, müşahidə aparmağa imkan vermirlər. Bu vəhşilikdir, bu zorakılıqdır, bu qanunsuzluqdur. Bunun başqa bir adı yoxdur. Eyni zamanda maraqlı bir paralel yaranır. Sən jurnalistin evinə kamera yerləşdirib, onun şəxsi həyatını çəkib internet vasitəsi ilə yayırsan, sonra da bu adamı şantaj etməyə çalışırsan, bu biri tərəfdən isə vəzifə borcunu yerinə yetirən jurnalistləri, İdrak Abbasovu, Günay Musayevanı qanunsuzluğu qeydə almağa imkan vermirsən. Yəni, bu hakimiyyətin ikiüzlülüyünü, məntiqsizliyini, görməmişliyini ifşa edən bir reallıqdır. Biz Müsavat Partiyası və İctimai Palata olaraq buna qəti etirazımızı bildirmişik. Bu jurnalistlərə, fədakar insanlara qarşı zorakılığa son qoyulmasını və günahkarların tapılıb qanun qarşısında cavab verməsini tələb etmişik. Hesab edirəm ki, cəmiyyət bu məsələlərə daha diqqətli olmalıdır. Jurnalist peşə fəaliyyətini yerinə yetirir və bununla da ictimai maraqları qoruyur. Jurnalistlər hər bir insanın, hər bir vətəndaşın maraqlarını qoruyur. Ona görə də, zorakılığa məruz qalmış jurnalisti hər bir insan, hər bir vətəndaş müdafiə etməlidir.

Sual: Mitinqdə yeni qüvvələr də təmsil olunacaqmı?

Cavab: Genişlənəcək və daha çox insanın iştirak edəcəyi şübhəsizdir. Müxtəlif kəsimlər, zümrələr baxımından daha rəngarəng olacağı da şübhəsizdir. Bu günlərdə İctimai Palatanın və Ziyalılar Forumunun təmsilçilərinin görüşü olub. Bir sıra məsələlər, o cümlədən əməkdaşlığın müxtəlif sahələri müzakirə edilib. Digər siyasi və ictimai qüvvələrlə də məsləhətləşmələr aparılıb. Mitinqdə iştirak etmək onların seçimi olacaq. Təbii ki, biz onlara meydan verəcəyik, şərait yaradacağıq. Amma, iştirak etmək və çıxış etmək onların seçdiyi bir məsələdir. Mitinqləri İctimai Palata təşkil etsə də bunu ümumxalq aksiyaları hesab edirik və cəmiyyətimizin sözü olan, sözünü ifadə etmək istəyən insanlarına, kəsimlərinə şərait yaratmağa hazırıq.

Müəllifdən: Bir qayda olaraq iqtidar ölkədə demokratiyanın, söz və mətbuat azadlığının təntənəsindən danışır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında da bu mövzulara toxunu və beynəlxalq tənqidləri əsassız və qərəzli adlandırıb.