Müsavat Partiyasının başqanı İsa Qəmbər Amerikanın Səsi radiosuna müsahibəsində İctimai Palatanın 2 aprel mitinqindən sonra həbs edilən müxalifət fəalları barədə məhkəmə hökmünün siyasi sifariş olduğunu bildirib. Onun fikrincə, iqtidar müxalifət fəallarını həbs etməklə insanları qorxutmağa çalışır, amma bu əbəsdir. Çünki, iqtidarın özü qorxu içərisindədir.
Sual: Dünən Səbayel rayon məhkəməsi silahdaşlarınız barəsində həbs hökmü çıxarıb. Hökmü necə qiymətləndirirsiniz?
Cavab: Bu sifarişli hökmdür. Hökm Prezident Administrasiyasında hazırlanmış qərarın saxta istintaq və saxta məhkəmə ilə rəsmiləşdirilməsi kimi qəbul edilməlidir. Eyni zamanda, bu hökm hakimiyyətin qorxusundan xəbər verir. Hakimiyyət xalqdan, İctimai Palatadan, Müsavat Partiyasından, fədakar insanlardan qorxur. Ona görə də, qorxduğu üçün də qorxutmağa çalışır. Heç bir günahı olmayan, yalnız azadlıq, insanların rifahı naminə mübarizə aparan insanları saxta ittihamlarla həbs edib uzun müddətə zindanlara göndərir ki, insanlarda xof mühitini qoruyub saxlaya bilsin. Amma, təbii ki, bu əbəs cəhddir və hakimiyyətin cəhdinin heç bir faydası olmadı. Cəmiyyət buna əks reaksiya verdi və bu, əks reaksiya davam edəcək.
Sual: Cəmiyyətin əks reaksiyası nə oldu?
Cavab: İlk öncə, yüzlərlə insanlar həftələrlə məhkəmələrin qarşısına toplaşdı. Kiçik məhkəmə zallarına 40-50 nəfər insan yerləşsə də, yüzlərlə insanlar məhkəmələrin qarşısında saatlarla gözləyirdi. Həmin şəxslər hazırki vicdan məhbuslarını, öz silahdaşlarını şüarlarla qarşılayır və məhkəmədən sonra da eyni şüarlarla yola salırdılar. Bundan sonra isə “Azadlıq!” və “İstefa!” şüarları ilə etiraz aksiyaları keçirilirdi. İctimai Palata, ziyalılar, ictimai xadimlər həbsdə olan silahdaşlarımızın mövqeyini müdafiə edir. Vəkillər həqiqəti çox yüksək səviyyədə sübut etdilər və bu proseslərdə ölkədə yeni ləyaqətli bir vəkil korpusu meydana çıxdı. İyirmiyə yaxın vəkil fədakarlıqla, özlərinə qarşı gözlənilən təhlükəni belə nəzərə almadan haqqı, ədaləti, fədakar insanları müdafiə etdi. Saxta məhkəmənin biabırçı hökmü bəlli olandan sonra Azərbaycanın yeni nəsil intellektuallarından dörd nəfəri birgə bəyanat verərək hakimiyyətin siyasətinə etiraz olaraq Müsavat Partiyasına üzv oldular və proses davam edir. Bu, cəmiyyətin ilkin reaksiyalarıdır. Hər şeydən görünür ki, proses davam edəcək. Bu, həm də göstərir ki, həbslər cəmiyyəti qorxutmur, əksinə əks reaksiyaları gücləndirir.
Sual: Beynəlxalq ictimaiyyətin reaksiyasını necə qiymətləndirirsiniz? Çünki, müxalifət fəallarının həbsi barədə məhkəmə hökmü Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə zirvə toplantısı ilə eyni günə təsadüf edir.
Cavab: Hakimiyyət saxtakarlığı davam etdirir. Hesab edirəm ki, beynəlxalq birlik məsələni diqqətdə saxlayır. Artıq, Amnesty International həbs edilən silahdaşlarımızı vicdan məhbusu elan edib. Hökmdən bir gün keçməmiş Amerika səfirliyi, ATƏT-in strukturları narahatlıqlarını ifadə edib. Digər təşkilatlar da mövqelərini bildirməkdə davam edir. Əminəm və bilirəm ki, Avropa Birliyinin Şərq Tərəfdaşlığına daxil olan ölkələrin rəhbərləri ilə birgə görüşdə də bir çox məsələlər ciddi müzakirə olunub. Azərbaycan hakimiyyəti bu məsələləri nəzərə almaq məcburiyyətində qalacaq. Təbii ki, biz beynəlxalq birlikdən daha davamlı, daha aydın birmənalı mövqe bildirməsini istəyərdik. Əminəm ki, beynəlxalq birliyin açıq bəyanatları ilə yanaşı qapalı kabinetlərdə diplomatik təsirləri davam etməkdədir.
Sual: İctimai Palata bundan sonra da demokratiya və insan haqları ilə bağlı mübarizəsini davam etdirəcəkmi? Mübarizəniz hansı yollarla davam etdiriləcək?
Cavab: Bu barədə sual belə ola bilməz. Aydın məsələdir ki, İctimai Palatanın fəaliyyəti bir aylıq və ya altı aylıq fəaliyyət deyil. İctimai Palata artıq bir ilə yaxındır fəaliyyətdədir. Palatanın hədəfləri var. Bu hədəflər ümumi şəkildə Azərbaycanda köklü şəkildə demokratik dəyişikliklərə nail olmaqdır. Konkret hədəf isə növbədənkənar parlament seçkilərinin keçirilməsidir. İctimai Palata bütün istiqamətlərdə fəaliyyətini davam etdirir və davam etdirəcək. Həbslər İctimai Palatada heç bir zəifləmə, hədəflərindən geri çəkilmə effekti yarada bilməyib. Hakimiyyət bunu çox arzulayır. Artıq, açıq şəkildə ifadə edirlər ki, İctimai Palata özünü niyə buraxmır və sairə. Amma, İctimai Palatanın fəaliyyəti güclənərək davam edəcək.
Müəllifdən: Öz növbəsində, rəsmi hakimiyyət ölkədə insanların siyasi sifarişlə həbs edilmədiyini bildirir. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov yerli mediaya müxalifət tərəfdarlarının kriminal hərəkətlərinə görə həbs edildiyini deyib. Onun sözlərinə görə, müxalifətçilər etiraz aksiyaları zamanı ictimai qaydaları pozub, vətəndaşların əmlakına ziyan vurub.