Sual: Cənab Taker, müxalifət liderləri fəalların məhkum edilməsini ölkədə hökumət əleyhinə nümayişlərə son qoymaq üçün siyasi motivli qərar kimi dəyərləndirir. Siz bu baxışları bölüşürsünüzmü?
Cavab: Bəli, bu, baş verənlərin düzgün səciyyələndirilıməsidir. Məhkum olunan üç etirazçı heç bir zorakı aktla əlaqələndirilməyib, yaxud zorakılığa çağırmayıb. Onlar sadəcə olaraq dinc nümayişdə iştirak etdiklərinə görə həbs olunublar. Və onların islahatlara çağırış və hökumətdəki korrupsiya əleyhinə şüarlarla nümayişə qatılmasına görə iki il yarım azadlıqdan məhrum edilməsi biabırçılıqdır.
Sual: Amnesty International dünyanın müxtəlif ölkələrində baş verən hüquq pozuntularına diqqət ayırır. Bu ölkələr arasında Azərbaycanın mövqeyi necə görünür?
Cavab: Amnesty International insan haqları pozuntularına əsasən ölkələri sıralamır. Amma demək düzgün olardı ki, hazırda Azərbaycanda sərbəst fikir ifadəsinin durumu bərbaddır. Azərbaycanda tənqidi fikir ifadəsi üçün imkan yoxdur. Bütün tənqidlər dərhal basqılarla qarşılanır. Hökumət korrupsiyası haqda yazan jurnalistlər cəzalandırlır. Hətta Facebook-da mesaj qoyan adamlar da təqiblə üzləşir. Biz bunu Elnur Məcidlinin məsələsində müşahidə etmişik. O, Facebook-da insanları təşkilatlandıraraq dinc aksiya keçirməyə cəhd göstərdi. İndi o, hökuməti zorakı yolla devirmək ittihamı ilə mühakimə olunur ki, bu maddəyə əsasən müttəhimə maksimum 12 il iş düşür – sadəcə dinc nümayiş təşkil etdiyinə görə. Söhbət burada Facebook aksiyasından gedir. Görün ki, Azərbaycan hökuməti etiraza necə ifrat reaksiya verir.
Sual: Amnesty International Azərbaycana dair hesabat açıqlamağa hazırlaşır. Bu hesabatda nə kimi mövzular işıqlandırılacaq?
Cavab: Hesabat söz və toplaşma azadlığına diqqət yetirir. Biz mart və aprel aylarında baş verənləri işıqlandıracağıq. Biz həmin aylarda Azərbaycanda idik. Gördük ki, küçələrdə şüarlar səsləndirən, sadəcə olaraq “Azadlıq!” hayqıran adamlar dərhal polislər tərəfindən bəzən xüsusi zorakılıqla həbs olunur. Bu nümayişlər tamamilə dinc xarakter daşıyırdı. Bu aksiyalar heç kimə təhlükə törətmirdi və asayişi də pozmurdu. Adamların küçələrdə azadlıq qışqırdıqlarına görə 10 sutka azadlıqdan məhrum edilməsi inanılmaz haldır.
Sual: Azərbaycan hökuməti tez-tez beynəlxalq insan haqları təşkilatlarını Azərbaycana qarşı ayrıseçkilikdə və ermənispərəstlikdə ittiham edir. Amnesty International ermənipərəst təşkilatdırmı?
Cavab: Amnesty International tamamilə bitərəf təşkilatdır. Bu qurum dünyanın istənilən guşəsində baş verən hüquq pozuntularını tənqid edir. Burada hansısa millətin tərəfi saxlanılmır. Biz Ermənistanda baş verən hüquq pozuntuları haqda xeyli bəyanatlar vermişik. Biz hazırda da həmin ölkədə baş verənləri izləyirik. Sadəcə, Azərbaycan hökuməti üçün bu arqument Amnesty International-ın topladığı məlumatları, hesabatları, və dəlilləri qulaqardına vurmaq üçün rahat bəhanədir.