Transparency International-ın 2011-ci il üçün açıqladığı korrupsiya indeksinə görə əvvəlki kimi korrupsiya bir çox dünya dövlətlərində əsas problemlərindən olaraq qalır. Bu göstəricilər nümayiş etdirir ki, bəzi ölkələrin hökumətləri öz vətəndaşlarını hələ də korrupsiyadan xilas edə bilməyib.
Transparency International bildirir ki, dünyadakı gedən etiraz aksiyaları, yəni bir çox hallarda korrupsiya və iqtisadi qeyri-sabitliyin səbəb olduğu aksiyalar açıq şəkildə göstərir ki, vətəndaşlar hesab edir ki, onların dövlətlərinin rəhbərləri və ictimai institutları kifayət qədər şəffaf və hesabatlı deyil.
İndeks 183 ölkədə 0 (korrupsiyanın ən yüksək səviyyəsi) -10 ballıq şkala (korrupsiyanın ən aşağı səviyyəsi) üzrə vəziyyəti əks etdirir. İndeks tərtib olunarkən antikorrupsiya qanunlarının icrası, informasiyanın əldə olunması, maraqların toqquşması kimi amilləri qiymətləndirən 17 sorğudan istifadə olunub. Korrupsiyalaşmayan ölkə kimi Yeni Zelandiya göstərilib. Sonra Finlandiya və Danimarka gəlir. Ən çox korrupsiyaya uğramış ölkələr isə Somali və Şimali Koreyadır. “Ərəb baharı” hadisələrinin baş verdiyi ölkələr də korrupsiyalaşmış ölkələr sırasındadır və indeksdə aşağı mövqe tutur (4 bal).
Azərbaycan daha çox korrupsiyalaşmış ölkələr sırasındadır və 2,4 ballıq indekslə 143-cü yerdədir. Azərbaycanın qonşuları Rusiya, Ukrayna, Mavritaniya, Uqanda və Toqodur. Ermənistan 129-cu (2,6 bal), Gürcüstan 64-cü yeri (4,1) tutur. Beynəlxalq təşkilatlardan birinin adının çəkilməsini istəməyən nümayəndəsi korrupsiya indeksini Turan-a şərh edərkən bildirib ki, artıq uzun illərdir ki, Azərbaycan ən çox korrupsiyalaşmış ölkələrdən biri olaraq qalır. Halbuki, bir çox qanunlar qəbul edilib, hökumətin beynəlxalq öhdəlikləri var, bütün mümkün layihələrdə iştirak edir. Ekspertlər bunu öz qanun və öhdəliklərini yerinə yetirmək üçün hökumətin siyasi iradəsinin olmaması, eyni zamanda ölkədə avtoritar rejimin saxlanması üçün korrupsiyadan mühüm alət kimi istifadə olunması ilə izah edir.
2011-ci il üçün korrupsiya indeksi aşağıdakı 9 mənbənin ekspert-analitiklərinin məlumatları əsasında hazırlanıb: Asiya İnkişaf Bankı, Afrika İnkişaf Bankı, Bertelsman Fondu, Economist Intelligence Unit, Freedom House, Global Insight, Siyasi Risklərin Qiymətləndirilməsi Xidməti, Dünya Bankı və World Justice Project. Daha 4 mənbə öz ölkələrindəki vəziyyəti əks etdirir: Beynəlxalq Menecmentin İnkişafı İnstitutu, İqtisadi və Siyasi Risklərin Qiymətləndirilməsi üzrə Agentlik, Transparency İnternational-ın rüşvətverənlər indeksi, Dünya İqtisadi Forumu.