ABŞ prezidentliyinə iddialı Mitt Romni bu gün Minnesota və Kolorado ştatlarında keçiriləcək kokuslardakı qələbələrlə öncül statusunu möhkəmləndirəcəyinə ümid bəsləyir.
Romninin 2008-ci ci ildə qələbə çaldığı Koloradoda yenidən qalib çıxacağı gözlənilir. Həmin il o, Minnesotada da qələbə çalmışdı.
Amma hazırkı rəy sorğuları göstərir ki, Pennsilvaniya senatoru Rik Santorum Minnesota seçiciləri arasında öndə gedir.
Bir vaxtlar nominasiya uğrunda Romninin başlıca rəqibi sayılan Nümayəndələr Palatasının sabiq spikeri Nyut Gingriç ictimai dəstəyini itirdikcə, onunla Romni arasındakı məsafə genişlənməkdə davam edir. Gingriç avqustda prezidentliyə namizədin müəyyən ediləcəyi Floridada keçiriləcək Respublikaçılar qurultayınadək yarışda qalacağına söz verib.