ABŞ-ın şimal-şərqi Meyn ştatında Respublikaçılar prezidentliyə namizədi müəyyənləşdirmək üçün səs verirlər.
Sabiq Massaçusets qubernatoru Mitt Romni bu həftə üç ştatda keçirilən kokuslarda məğlub olduqdan sonra ilk qələbəsini qazanacağına ümid bəsləyir. Meyndəki yarış əsasən Mitt Romni və libertar təmayüllü Ron Pol arasında gedir. Hər iki namizəd bu gün Meyn ştatına səfər ediblər.
Çərşənbə axşamı Minnesota, Missuri və Kolorado ştatlarında keçirilən kokuslarda sabiq ABŞ senatoru Rik Santorum qələbə çalmışdı.
Sosial mühafizəkar Santoruma məğlubiyyəti Mitt Romninin Respublikaçılar arasında hələ ki, birmənalı dəstəyə malik olmadığını göstərir.
Cümə günü mühafizəkarların Vaşinqton şəhərində keçirdiyi konfransda çıxış edən Mitt Romni özünü mühafizəkar kimi təqdim edərək təsəvvürü dəyişməyə çalışır.
Santorum və başqa Respublikaçı iddialı Nyut Gingriç də dünən həmin konfransda çıxış ediblər.