İranın Səhər televiziyasının müxbirinin məhkəməsi davam edir

Jurnalist narkotik maddə saxlamada ittiham olunur

Bakının Binəqədi rayon məhkəməsində İranın “Səhər” telekanalının Azərbaycan müxbiri Anar Bayramlının cinayət işi üzrə proses keçirilib.
Hakim Tərlan Kərimovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən A.Bayramlı həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirib. Narkotik maddənin Binəqədi rayon 4-cü polis bölməsində cibində qoyulduğun bəyan edib. Şahid ifadəsi verən 4-cü polis bölməsinin əməkdaşı Rüfət Qasımov A.Bayramlını özünü şübhəli apardığına görə saxlandığını, üzərində narkotik maddə aşkar edildiyini söyləyib. A.Bayramlı isə onu saxlayan polis əməkdaşları arasında Rüfət Qasımovun olmadığını bildirib.

Vəkil Anar Qasımlı ibtidai istintaq zamanı Anar Bayramlıdan ifadənin vəkilin iştirakı olmadan ifadə alındığını, buna görə ifadənin əsassız olduğunu bildirib. İş üzrə digər şahidlər prosesə gəlmədiyi üçün proses bu il iyunun 1-i saat 14:30-a təxirə salınıb.
Xatırladaq ki, “Səhər” telekanalının müxbiri A.Bayramlı fevralın 17-də Binəqədi rayon 4-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Üzərindən 0, 0387 qram heroin tapıldığı bildirilib. Jurnalistə qarşı Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham irəli sürülüb