Bakının Binəqədi rayon məhkəməsində İranın “Səhər” telekanalının Bakı bürosunun jurnalisti Anar Bayramlı ilə bağlı məhkəmənin hazırlıq iclası keçirilib.
Vəkili Anar Qasımov bildirib ki, hazırlıq iclasında müdafiə etdiyi şəxs barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi vəsatəti versə də, hakim Tərlan Əkbərov vəsatəti rədd edib.
Məhkəmədə A.Bayramlının ailə üzvlərinin dindirilməsilə bağlı vəsatəti hakim gələcək iclaslarda nəzərə alacağını bildirib. Proses mayın 24-nə təxirə salınıb.
Beynəlxalq qurumların A.Bayramlını vicdan məhbusu kimi tanımasına diqqət çəkən vəkil müdafiə etdiyi şəxsə bəraət veriləcəyinə inanmadığını deyib. Amma yüngül cəza alacağına ümid bəslədiyini söyləyib.
A.Bayramlı 2012-ci il fevralın ortalarında narkotik istifadəçisi kimi şübhəli şəxs qismində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan narkotik maddədən istifadə) maddəsilə cinayət işi başlanıb.