İrandakı azərbaycanlılar, ana dili və Amerikada təhsil haqda - Ramin Cabbarlı

Ramin Cabbarlı

ABŞ-ın Vaşinqton ştatına səfərimiz zamanı Sietl şəhərində yerləşən Vaşinqton Universitetinin sosiologiya istiqaməti üzrə doktorantura tələbəsi, güneyli fəal Ramin Cabbarlı ilə görüşərək, İrandakı azərbaycanlılar, onların ana dillərini öyrənməkdə qarşılaşdığı çətinliklər və Amerikada təhsil haqda söhbət etdik.

İrandakı hakimiyyət izin vermək fikrində deyil. Çünki azərbaycanlıların kimliklərinin ön plana çıxmasını, onların öz kimlikləri əsasında ictimai fəaliyyətlərdə olmasını istəmirlər
Ramin Cabbarlı

İrandakı azərbaycanlıların ana dillərini öyrənmək həvəslərindən danışan güneyli fəal bildirir ki, bunun üçün hətta evlərldə kurslar təşkil edilir: “Bizim öz evimizdə də olmuşdu, dostların evində, başqa şəhərlərdə. Çünki, dövlət izin vermir başqa yerlərdə ana dilində hər hansı bir kurslar qurulsun. Ona görə evlərdə də belə qurulardı, bəzən universitetlərdə də mümkün idi.

“İrandakı hakimiyyət izin vermək fikrində deyil. Çünki azərbaycanlıların kimliklərinin ön plana çıxmasını, onların öz kimlikləri əsasında ictimai fəaliyyətlərdə olmasını istəmirlər. Bunu İrana hər hansı bir təhdid kimi hesab edirlər. Buna görə də onun qarşısını almaq istəyirlər.” - deyə Ramin Cabbarlı bildirir.

Müsahibədə Cabbarlı həm də hal-hazırda təhsil aldığı Vaşinqton Universiteti və bütövlükdə ABŞ-dakı təhsil haqda da fikirlərini paylaşır: “Mənim sosiologiya fakultəsindəki şəxsi təcrübəm onu göstərir ki, keyfiyyət baxımından çox yüksəkdir, hətta bəzən bir sıra nəzəriyyələrdən bəhs edəndə bunun tədris edən professorun nəzəriyyəsi olduğu orada anlaşılır. Görünür ki, özü də bu nəzəriyyəyə ciddi töhfəsi olmuş, bu nəzəriyyələrə ciddi töhfəsi olmuş insanlar olur.

“İnsanların öyrənməsinə, insanların onlara söylənilənləri sorğulamasına, tənqidi düşünməsinə yönəldən bir sistem var burada. Mənim sevdiyim tərəfləri əsasən bu tənqidi düşünmə tərəfidir.” - deyə Cabbarlı təəsüratlarını paylaşır.

Tam müsahibəni aşağıdakı videoda izləyə bilərsiniz.