Polşada Belarusun aparıcı insan hüquqları müdafiəçisi Ales Belyatskinin həbsinə gətirib çıxarmış maliyyə sənədlərini Belarusa ötürən iki prokuror işdən çıxarılıb. Bu ayın əvvəli Minskdə maliyyə polisi Belyatskini həbs edərək, ona qarşı vergidən yayınmaq ittihamları irəli sürmüşdür. Addım Polşa prokurorlarının onun təsis etdiyi Vyasna insan hüquqları qrupunu maliyyəşdirmək üçün Polşada olan bank hesabı haqda məlumatları Belarusla bölüşməsindən sonra atılıb. Polşanın baş prokuroru Andjey Seremet bu gün deyib ki, prokurorlar informasiyanı Xarici İşlər nazirliyinin belə hallar üçün xüsusi tövsiyətlərinə baxmayaraq ötürüblər. Belarusda demokratiya naminə hərəkatın dəstəklənməsini xarici siyasət sahəsində əsas prioritet edən Polşa insidentə görə üzrxahlıq edib. Polşanın xarici işlər naziri Radoslav Sikorski üzr istəyərək deyib ki, Belarus Belyatskinin işi ilə bağlı informasiya istəyərkən cinayətkarlıq və terrorizmə qarşı mübarizə adı ilə beynəlxalq prosedurlardan istifadə edib. Beyatskinin həbsi beynəlxalq ictimaiyyətin Belarus hökumətinin müxalifət və vətəndaş cəmiyyətinə qarşı təqiblərini tənqid etməsinə gətirib çıxarmışdır.