Jurnalist həbsdə saxlanılıb

Livan

Pərviz Həşimlinin apellyasiya şikayəti təmin edilməyib
Sentyabrın 26-da Bakı Apellyasiya Məhkəməsi jurnalist Pərviz Həşimlinin qanunsuz həbsi ilə bağlı şikayətini təmin etməyib.

Vəkil Anar Qasımlı Amerikanın Səsinə bildirib ki, jurnalist ona qarşı irəli sürülmüş silah qaçaqmalçılığı və qanunsuz silah saxlamaq ittihamlarının saxta olduğunu təkrar edib.

O, məhkəmədən qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini xahiş edib. Lakin məhkəmə bu vəsatəti və bütünlükdə şikayəti təmin etməyib, Həşimlini həbsdə saxlayıb.

Vəkil bildirib ki, növbəti addımlar jurnalistin zaminə buraxılması və ya həbsin ev dustaqlığı ilə əvəz edilməsi haqqında yeni vəsatətlər qaldırılması ola bilər.

Pərviz Həşimli “Bizim yol” qəzetinin parlament müxbiri, moderator.az saytının və Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzinin rəhbəri, habelə müxalifətdə olan AXCP Ali Məclisinin üzvüdür.

Təqsiri sübuta yetirilərsə, o, 8 ilədək azadlıqdan məhrum edilə bilər.