Kamran Həşimli: Pərviz Həşimlidən AXCP sədrinə pul aparması barədə yazmağı tələb edirlər [Video-Müsahibələr]

Məhkəmə Pərviz Həşimlini həbsdə saxlayıb

Vəkil jurnalistin həyatına təhlükə olduğunu bildirir

Your browser doesn’t support HTML5

Kamran Həşimli: Pərviz Həşimlidən AXCP sədrinə pul aparası barədə yazmağı tələb edirlər


Milli Təhlükəsizlik Nazirliyi (MTN) kimləri isə qaralamaq istəyir. Ortada mənim oğlumdan istifadə etmək istəyirlər. Bu barədə bu gün RATİ-nin mətbuat mərkəzində jurnalist Pərviz Həşimlinin hüquqlarının müdafiəsi ilə bağlı keçirilən mətbuat konfransında onun atası Kamran Həşimli bildirib.

Modertator.az saytının direktoru, “Bizim Yol” qəzetinin əməkdaşı, hüquq müdafiəçisi Pərviz Həşimli bu il sentyabrın 18-də həbs edilib. O müxalifətdə olan AXCP-nin Ali Məclisinin üzvüdür.

Həşimli Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə şübhəli bilinərək həbs edilib. O MTN-nin təcridxanasında saxlanılır.

Mətbuat konfransında çıxış edənlər ittihamları sifariş adlandırıb və jurnalistin həbsdən azad edilməsini tələb edib.

Jurnalistin atası deyib ki, oğlunu MTN-nin generalı qeyri-rəsmi olaraq dindirir. “General Pərvizə deyib ki, taleyin öz əlindədir. Sən AXCP sədri Əli Kərimliyə bir neçə dəfə pul aparıbsan. Biz deyənləri yaz, bu yazın prezidentə göndəriləcək, mətbuatda çıxmayacaq. Pərviz qurana əl basıb ki, pul və silah məsələsi ilə bağlı hər hansı əlaqəsi yoxdur. Bu zaman general oğluma deyib ki, nə qədər dediklərimizi yazmayıbsan MTN-də girov qalacaqsan”, K.Həşimli qeyd edib.

Ata oğlunun həqiqətən girovluqda olduğunu bildirib. “Mən media vasitəsi ilə Qırmızı Xaç Komitəsinə müraciət edirəm. Oğlumu girovluqdan azad etsinlər. Onun ailəsi ağır vəziyyətdə yaşayır, ona kömək etsinlər”.

O deyib ki, oğlunun evində axtarış zamanı ailəyə bir həftə belə bəs etməyən vəsait çıxıb.
“Silah alveri edən, kimlərəsə pul aparan insanın evində ən azı dolanışıq pulu çıxardı”, o qeyd edib.

Kamran Həşimli hazırkı iqtidarı kəskin tənqid edib və nazirləri prezidentə yalan danışmaqda suçlayıb. “Bunlar kimləri isə vurmaq istəyirlər. Bunun üçün prezidentə yalan danışırlar. Pərviz Əli Kərimliyə pul aparırdısa, əməliyyat qurardınız pulu aparanda tutardınız, sonra da çəkdirib televiziyanızda efirə verərdiniz. Jurnalistin boynundan silah asmaq olmaz, sonda o silahlar sizin övladlarınızın boynundan asılacaq”, ata bildirib.

Vəkil Elçin Sadıqov istintaq işinin aparılmadığını deyib. İndiyədək Pərviz Həşimli rəsmi qaydada dindirilməyib, yalnız bu gün dindirmə olacağını deyiblər. “Bu günədək Pərviz Həşimli yalnız qeyri-rəsmi qaydada dindirildiyini deyir. Hüquq elmində qeyri-rəsmi dindirmə anlayışı yoxdur.

Bundan Rusiyada Orxan Zeynalova qarşı istifadə etdiklərini dedilər, Azərbaycanda isə Pərviz Həşimli qeyri-rəsmi dindirilir. Qara bazarda Makarov tipli tapançanın qiyməti 200-300 dollar olduğu halda jurnalistə qarşı olan cinayət işində bir tapançanın 2000 dollara alındığı yazılıb. Tapançaların hamısının nömrəsi ardıcıldır. Qaçamalçılıqda isə silahlar zavoddan alınmır ki, nömrələr dalbadal sıralansın”, deyə vəkil işin qurama olduğuna işarə edib.

O jurnalistin saxlanma şəraitindin də normalara cavab vermədiyini deyib. “Ona istədiyi qəzetləri vermirlər, gəzintiyə çox az müddətə çıxarırlar, gəzinti yeri çox dardır və hətta günəş şüalarını görmək belə mümkün deyil. Ailəsi ilə görüş vermirlər. Kamerada qanunvericiliyə görə televizor qoyulmalı olduğu halda, bir radioqəbuledici var, ona da “Lider” radiosu qoşulub”, vəkil qeyd edib.

Vəkil qanunsuz həbs, qanunsuz axtarışlar, həbsin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı müraciətlərini məhkəmənin təmin etmədiyini bildirib. Hazırda Avropa Məhkəməsinə şikayət hazırlanır.

E.Sadıqov jurnalistin həyatına təhlükə olduğunu da diqqətə çatdırıb. “Pərvizə deyiblər ki, elə vəziyyət yaradarıq ki, kamerada özünü asarsan” , o vurğulayıb.

Jurnalistlər və hüquq müdafiəçiləri ölkədə ictimai fəal insanların, o cümlədən hər kəsin təhlükə altında yaşadığın bildirib. Onların fikrincə, jurnalist tezliklə vicdan məhbusu kimi tanınacaq.

Həşimlinin həyat yoldaşı İlahə Həşimli MTN əməkdaşlarının evlərində axtarış aparan zaman azyaşlı uşağının üzərinə silah çəkdiyini bildirib. “Bundan sonra uşağımız depressiyaya düşüb. Bir ay müalicə almasına baxmayaraq uşaq hələ də qorxu içərisindədir”, o qeyd edib.

Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqə Mərkəzi ilə əlaqə saxlamaq mümkün olmayıb. Amma, bundan öncə İctimaiyyətlə Əlaqələr Mərkəzi Həşimlinin qanunun tələb etdiyi normala uyğun saxlandığını bildirib. Onun həyatı üçün hər hansı təhlükə olmadığını deyib.