Birləşmiş Ştatların Pakistana 800 milyon dollarlıq yardımın verilməsini dayandırmasından bir neçə gün sonra Pakistanın kəşfiyyat üzrə baş nümayəndəsi ABŞ rəsmiləri ilə danışıqlar üçün Vaşinqtona gəlib. Əhməd Suca Paşanın bu gün Mərkəzi Kəşfiyyat Agentliyinin müvəqqəri direktoru Maykıl Morellə və başqa kəşfiyyat nümayəndələri ilə görüşü də gözlənilir. Pakistan rəsmiləri danışıqların kəşfiyyat məlumatlarının əlaqələndirilməsi üzərində cəmləşəcəyini deyiblər.
Pakistanın kəşfiyyat rəhbərinin səfəri, Birləşmiş Ştatların Pakistanın olduğu regiondakı ən yüksək rütbəli komandiri General Cames Mattisin dünən Pakistanın hərbi rəsmiləri ilə görüşündən bir gün sonraya təsadüf edir.
Pakistanın baş naziri Yusif Gilani dünən Birləşmiş Ştatların bu ölkəyə verdiyi hərbi yardımın üçdə birinin dayandırılması qərarından narahatlığını bildirmişdi. Cənab Gilaninin sözlərinə görə Pakistan ərazisindəki militantlara qarşı mübarizə Pakistanın mübarizəsi olsa da ölkənin bu barədə göstərdiyi səylər bütün dünyanın xeyrinədir.
Birləşmiş Ştatların xüsusi təyinatlı hərbçilərinin Mayın 2-də Pakistan ərazisində həyata keçirdikləri əməliyyatla əl- Qaidanın lideri Osama bin Ladini öldürmələrindən sonra iki ölkə arasındakı münasibətlərdə gərginlik başlayıb.