Apellyasiya Məhkəməsi Nigar Yaqublunun şikayətini təmin etməyib

Nigar Yagublu

Bu qərardan Ali Məhkəməyə, daha sonra isə Strasburq Məhkəməsinə şikayət veriləcək
Fevralın 26-da Sumqayıt Apellyasiya məhkəməsində Müsavat Partiyası Gənclər Təşkilatının həbsdə olan fəalı Nigar Yaqublunun apellyasiya şikayətinə baxılması başa çatıb. Məhkəmə onun şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin Yaqublunun ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətmək ittihamı ilə 2,5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərarını qüvvədə saxlayıb.
Məlum olduğu kimi, Yaqublu 2012-ci il avqustun 25-də Müsavat Partiyasının Məclis üzvü Aydın Acalovun ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinir.
Mərhumun ailəsi qızdan şikayətçi olmasa da və Yaqublunun idarə etdiyi avtomobilin toqquşduğu “KAMAZ”ın sürücüsü maddi iddialarından imtina etsə də, məhkəmə ittiham hökmü çıxarıb.
Vəkil Nemət Kərimlinin Turan-a verdiyi məlumata görə, Apellyasiya Məhkəməsi müdafiə tərəfin prosessual normaların pozulması, Yaqublunun məhkəmədən əvvəl əsassız olaraq həbs edilməsi, Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırma hüququ) və 8-ci (şəxsi həyata və ailə həyatına hörmət hüququ) maddələrinin pozulması barədə dəlillərini diqqətə almayıb.
Vəkilin sözlərinə görə, bu qərardan Ali Məhkəməyə, daha sonra isə Strasburq Məhkəməsinə şikayət veriləcək.
Bir çox müxalifət və hüquq-müdafiə təşkilatları Yaqublunu siyasi məhbus kimi tanıyıb. Bir ay əvvəl onun atası, Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu da İsmayıllıdakı iğtişaşları təşkil etmək ittihamı ilə həbs edilib.