Məhkəmə NİDA-çıların həbsini daha 3 ay uzadıb

NİDA Vətəndaş Hərəkatı

NİDA vətəndaş hərəkatının 7 üzvü həbs edilib. Məhkəmə onların barələrində narkotik və partlayıcı maddələr saxlamaq ittihamı ilə 3 ay həbs qətimkan tədbiri seçib
Mayın 30-da Nəsimi Rayon Məhkəməsi NİDA vətəndaş hərəkatının həbsdə olan üç üzvünün barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 3 ay müddətinə uzadılması barədə qərar qəbul edib.

Vəkil Əsabəli Mustafayev Turan agentliyinə bildirib ki, Rəşad Həsənov, Bəxtiyar Quliyev və Şahin Novruzlunun həbs müddəti sentyabrın 7-dək uzadılıb.

Onun sözlərinə görə, ibtidai istintaq həbs müddətinin uzadılmasını onunla əsaslandırıb ki, yeni istintaq hərəkətləri aparılmalı, ekspertiza rəyləri alınmalıdır.

Vəkil bu arqumentlərin əsassız olduğunu bildirib və apellyasiya şikayətinin veriləcəyini deyib.

NİDA vətəndaş hərəkatının 7 üzvü həbs edilib. Martın 9-da NİDA-nın üç fəalı – Şahin Novruzlu, Bəxtiyar Quliyev və Məmməd Əzizov saxlanılıb. Məhkəmə onların narkotik və partlayıcı maddələr saxlamaq ittihamı ilə 3 ay müddətinə həbsinə qərar verib.
İstintaq onların mənzilində narkotik maddə və “Molotov kokteyli” aşkarlayıb. Lakin gənclərin ailə üzvləri bunların mənzillərə gənc fəalları saxlayan MTN işçiləri tərəfindən qoyulduğunu deyir.

Amnesty İnternational onları “vicdan məhbusu” sayır.