Accessibility links

Zaur Qurbanlı: N!DA-ya qarşı təzyiqlər vaxtı gecikdirməkdən başqa bir şey deyil


Zaur Qurbanlı, N!DA Vətəndaş Hərəkatı
Zaur Qurbanlı, N!DA Vətəndaş Hərəkatı

"N!DA" Vətəndaş Hərəkatının lideri bu yaxınlarda Amerikanın Səsinin onlayn forumunda sualları cavablandırmışdı.

N!DA Vətəndaş Hərəkatı 2 il əvvəl təsis edilsə də, 10 martda keçirilən “Əsgər ölümlərinə son!” aksiyasınadək əsasən gənclər arasında populyar idi. Ancaq aksiyadan bir neçə gün öncə 3 üzvünün hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq dövlət çevrilişində və narkotik vasitələrin daşınmasından ittiham olunmasından və üzvlərin Azərbaycan telekanalları vasitəsilə yayımlanan ifadələrindən sonra "N!DA" bütün Azərbaycanda danışılan başlıca mövzuya çevrildi. 10 mart aksiyasının təşkilatçılarından olan N!DA isə rəsmi bəyanat verərək hər hansı zorakı üsuldan istifadəni qəti şəkildə qınadığını bildirdi. Aksiya zamanı da nümayiş iştirakçıları tərəfindən hər hansı zorakılıq qeydə alınmadı. Buna baxmayaraq N!DA Vətəndaş Hərəkatının 3 üzvü haqda 3 aylıq həbs qətimkan tərbiri seçildi.
“Əsgər ölümlərinə son!” aksiyası və N!DA Vətəndaş Hərəkatı barədə suallara cavab vermək üçün martın 13-ü “N!DA”nın təsisçilərindən Zaur Qurbanlı Sərbəst Kürsünün qonağı olub. Forumu sizə təqdim edirik:


Emil Quliyev [moderator]: Zaur bəy, axşamınız xeyir olsun. Sizi Sərbəst Kürsüdə oxucularımız adından salamlayıram.


Zaur Qurbanlı: Hər vaxtınız xeyir, Emil bəy. Oxucuları salamlayıram. Axşamınız xeyir.


Emil Quliyev: Təşəkkür edirik. Birbaşa suallara keçmək istərdik. İlk sualı Xalis Məmmədli adlı oxucu göndərib. O yazır:

- Yeni yaranmış "El" hərəkatı ilə bağlı fikirlərinizi öyrənmək istəyərdim. Əgər N!da olaraq hərəkatın fəaliyyətini dəstəkləməyi düşünürsünüzsə, hərəkat tərəfindən dəstəklənəcək namizəd kimi kimi görmək istəyərdiniz? Demokratik bir ölkədə yaşasaydıq indiki siyasi arenadan hansı şəxsi namizəd kimi dəstəkləyərdiniz?

Cavab: “El” Hərəkatı ilə bağlı məsələ sanki bir az tərsinədir. Belə ki, “N!da”ya rejimin son hücumu zamanı “N!da”nı dəstəkləmək məqsədilə ictimai-siyasi nüfuzu olan bəzi şəxslər və nizamnaməmizin qadağan etmədiyinə görə bəzi təşkilatlar hərəkatımıza qoşulduqlarını bəyan etdilər. Bu təşkilatlardan biri də “El” Hərəkatı oldu. Yəni gördüyünüz kimi “N!da” “El” Hərəkatını yox, “El” Hərəkatı “N!da”nı dəstəkləyib. Hazırda “N!da” olaraq, hansısa namizədi prezident seçkisində dəstəkləmirik. Bizim məqsədimiz Azərbaycanda dinc və sivil yolla hüquqazidd olmayan vasitələrlə inqilab edərək, demokratiyanı bərqərar etməkdir. Bu məqsədə müvafiq gələn hansısa namizədi dəstəkləyə də bilərik, heç bir namizədi dəstəkləmədən fəaliyyətimizə davam da edə bilərik. Bunu zaman göstərəcək.
Demokratik mühitdə hansı namizədi dəstəkləyəcəyimlə bağlı onu deyə bilərəm ki, bunun üçün demokratik mühiti görmək lazımdır. Çünki indiki hər şeyin ağ-qara olduğu mühitdə kimsə özünü normal göstərməyə, potensialını nümayiş etdirməyə bilər, amma normal mühitdə həmin şəxs daha çox reytinq yığa bilər. Ona görə də yanılmamaq məqsədilə indidən fal kimi proqnoz vermək istəmirəm.

Sual [Kamil Quliyev]: O düzdür ki, Nida ideyası məhz sizin olub? Bir də bu təşkilatı nə məqsədlə yaratmısınız?

Cavab: “N!da” ideyası bir qrup gəncə məxsusdur. 2011-ci ilin əvvəllərində biz bu hərəkatı yaratmaq barədə müzakirələr aparanda bir neçə variant var idi. Sonda təsisçilər səs verərək, “N!da” Vətəndaş Hərəkatı fikrinin üzərində durdular. Konkret “Nida” sözünün nə vaxtdan gəlməsi maraqlıdırsa, bu fikir hələ 2009-cu ildən var idi və dostlar ideyanı yaşatdı və 2011-ci ildə praktikaya keçirdik.
Bu hərəkatı yaratmaqda məqsədimiz Azərbaycanı demokratikləşdirməkdir. Bu məqsədi həyata keçirmək vasitələri isə müxtəlif və şəraitə görə dəyişkəndir.

Sual [Rustam Baku]: İTV-də N!DAçılar niyə elə danışırdılar? Mən əvvəl onlarda tapılan narkotikaya inanmırdım, amma onlar danışandan sonra elə onların özlərini qınadım. Çünki danışan həqiqətən özləri idi. Elə buna görə də martın 10-da aksiyaya gəlmədim. O dostlarınız doğrudan narkotik paylamaq istəyirdilər? 18 yaşları var, hardan almışdılar onları?


Cavab: Bu qədər diqqətlisinizsə, görməkdə çətinlik çəkməzdiniz ki, onlara təzyiq olunmuşdu. Təzyiq anlayışına işgəncədən tutmuş psixoloji təzyiqə qədər hər şey daxildir. Mən özüm bunun şahidi olmuşam. Məsələn, mən keçən il sentyabr-oktyabr aylarında Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində həbsdə olarkən, həbsdən çıxana qədər həbs qərarımdan apellyasiya şikayəti verilmədi. Çünki içəridə mənə böyük psoxoloji təzyiqlər var idi. İnsanı qadın qohumlarının təzyiqə məruz qalmasına qədər hər şeylə qorxuda biləcək qədər qeyri-humanistdirlər. Ona görə də MTN-də hazırda saxlanılan gənclərin hansı təzyiq və ya işgəncələr altında ifadə verdiklərini bilə bilmərik. Mən o uşaqlara ən azı özüm qədər inanıram. Ona görə də 100% əminəm ki, o sözlər onların deyildi, təzyiq altında əzbərlətdirilmiş sözlər idi. Bu, insan hüquqlarının ən kobud pozuntusudur. Bu provokasiyalara inanmaq isə kütlələrin təbii xüsusiyyətidir. Mən o gənclərlə çiyin-çiyinə mübarizə aparmış biri kimi o ifadələrdən sonra əminliklə deyirəm ki, mən Məhəmmədlə, Bəxtiyarla, Şahinlə fəxr edirəm. Cüzi də olsa, onları qınamıram.


Emil Quliyev [moderator]: Süsən Qasımova email vasitəsilə yazır:

- Hakimiyyət Nidanı nə üçün bu qədər təhlükəli hesab edir?


Zaur Qurbanlı: Çünki “N!da” sübut edib ki, Azərbaycan xalqı demokratik seçki keçirə bilir (biz hərəkatımızda dəfələrlə belə seçki keçirmişik), “N!da” sübut edib ki, Azərbaycan demokratiyaya çoxdan hazırdır, hətta gecikir də, “N!da” bu xalqı, xüsusən gəncləri oyandırmaq üçün klassik müxalifətdən daha fərqli və kreativ vasitələr tətbiq edir. Bu rejim o qədər çürük və ideologiyasızdır ki, sağ, sol kimi konkret ideologiya ortaya qoymadan da normal düşünə bilən bütün insanları rejim əleyhinə səfərbər etmək olur. “N!da” ictimai sektorun ənənəvi simalarından kənara çıxdı, yüzlərlə gənc cəlb etdi mübarizəyə, bu gənclər İdarə Heyətinə seçiləcək qədər, özləri önəmli simalar olacaq qədər inkişaf etdilər. Rejimdə də az da olsa, ağıllı adamlar var. Onlar gördülər ki, həqiqətin gücü və azadlıq istəyi qarşısında duruş gətirmək mükün deyil. Ona görə də hazırda rejimin “N!da”ya qarşı tətbiq etdikləri sadəcə vaxtı gecikdirməkdən başqa bir şey deyil. Onsuz da əvvəl-axır bu xalq layiq olduğunu alacaq.


Sual [Alməmməd]: Salam Zaur bəy. Sizdən Aqşin Yeniseyin son günlər etirazçi gəncliyə qarşı dediklərinə münasibətinizi öyrənmək istərdim.


Cavab: Salam. Bu barədə Seymur Baycan və Günel Mövlud daha sərrast ifadələrlə Aqşinə cavab veriblər. Mən sadəcə müqayisə aparmaq istəyirəm. Uşaq vaxtımda kitabdan Süleyman Rüstəmin “Duz-çörək” şeirini oxumuşdum. Atama dedim, şeir çox xoşuma gəlib. Atam dedi, onu yazan adamın o şeirdəki fikirlərə dəxli yoxdur. Anlamadım əvvəlcə, sonra öyrəndim ki, Süleyman Rüstəm kim olub. Amma o şeirə sevgim hələ də qalıb. Aqşində də oxşar vəziyyətdir. Düzdür, o, əvvəllər nisbətən normal ictimai mövqe qoyurdu ortaya (məsələn, Rafiq Tağı ilə bağlı), amma son açıqlamaları, böhtanları onun 21-ci əsrin Süleyman Rüstəmi olduğunu deməyə əsas verir. Mən onun aktiv gəncləri qeyd-şərtsiz dəstəkləməli olduğunu demirəm, amma necə deyərlər, “insaf da dinin yarısıdır”. Bizi tənqid etmək olar və lazımdır, amma yalan demək, şər atmaq, üstümüzə cinayət yıxmaq (şüşə qırmaqda bizi təqsirləndirir, məsələn) çatışmazlıqdır sadəcə. Aqşin gözəl yazır və deyilənə görə, məişət səviyyəsində gözəl insandır. Amma təəssüf ki, onun bu müsbət keyfiyyətləri məişət səviyyəsini aşa bilmədi. Neynək?! Hərə bir yerdə ilişir, azərbaycanlılar da xalq olaraq, məişətdə ilişiblər.


Sual [Sabir Fətəli]: Bəzən sizin təşkilatı Müsavatın gənclər təşkilatı kimi qiymətləndirirlər. Bu nə ilə bağlıdır və bunun üçün bir əsas varmı?


Cavab: Bunun nə ilə bağlı olması bu iddianı irəli sürənlərə görə 2 yerə ayrıla bilər: əgər iddianı sadəlövh adam irəli sürürsə, deməli, “N!da”nın həmtəsisçisi və hazırda İdarə Heyətinin üzvü olan Turqut Qəmbərin İsa Qəmbərin övladı olduğuna görə bunu belə düşünür. Əgər iddianı qərəzli adam irəli sürürsə, deməli, söhbət “N!da”nı ləkələməkdən gedir. İkinci hala indi diqqət verməyə bilərik, çünki orda məqsəd çirkindir. Birinci halda isə iddia sadəlövh yanılmadan irəli gəlir. Turqutu 2 ildən çoxdur ki, tanıyıram. O, patriarxal ənənələrə sadiq qalan, atasına görə öz fikirlərini qurban verən biri deyil. Turqut müstəqil, o cümlədən ictimai-siyasi məsələlərdə atasından asılı olmayan gəncdir, qərb təhsilli, kifayət qədər yüksək əxlaqi-mədəni keyfiyyətlərə malik mübariz, inqilabçı insandır. Onu atasının planlarını həyata keçirməkdə qınamaq ən azı insafsızlıqdır. “N!da”nın həmtəsisçisi kimi isə deyə bilərəm ki, “N!da” tam müstəqil, müxalif və ya iqtidaryönlü olmasından asılı olmayaraq, heç bir quruma tabe olmayan, hesabat verməyən, yalnız öz üzvlərini iradəsi ilə fəaliyyət göstərən, demokratik idarəçiliyə malik hərəkatdır.


Emil Quliyev [moderator]: Günay Mürsəlova email vasitəsilə yazır ki, o, İlkin Rüstəmzadədən narahatdır:
- İlkin Rüstəmzadədən sərbəst buraxılıbmı? Ondan nə xəbər var? 2. İlkin NİDAnın üzvüdür?


Zaur Qurbanlı: İlkin Rüstəmzadə mitinq günü saxlanılıb və ondan 1 gün ərzində xəbər almaq mümkün olmadı. Sonra onun üzv olduğu Azad Gənclik Təşkilatının İdarə Heyətinin üzvü Ülvi Həsənli bildirdi ki, İlkin 6 sutkalıq inzibati həbs inzibati tənbeh tədbiri ilə cəzalandırılıb. Hazırda Binəqədidə müvəqqəti saxlama təcridxanasında saxlanılır. Son dəfə verdiyi məlumatda vəziyyətindən şikayət etməmişdi, sadəcə darıxdığından oxumağa kitab istəmişdi. O da yəqin aparılıb.
Xeyr, İlkin “N!da”nın yox, Azad Gənclik Təşkilatının üzvüdür. Amma biz hamımız bir cəbhənin gəncləriyik.


EQ: “Rustam Baku” sizin cavabınıza cavab olaraq yazır ki, bəs sizdə “Ölmək var, dönmək yoxdur” prinsipi yoxdur?


Cavab: Pafosunuzu azaltsanız, daha yaxşı anlaşarıq. İşgəncə elə bir şeydir ki, onun təsiri altında kim necə davranacığını heç vaxt proqnoz edə bilməz. Sizin sualdan belə göründü ki, MTN-də gənclərin ölümlə üzləşəcək qədər ağır vəziyyətə düşdüklərinə inanırsınız. O zaman, lütfən, niyə dövlət idarəsində bu qədər qeyri-qanuni və anti-insani şərait yaradıldığı ilə maraqlanın, bəlkə onda suallarınıza cavab ala bildiniz.


Sual [Rasim]: “Əsgər ölümlərinə son” dediniz, amma heç nə dəyişmədi. Bu gün yenə ölən əsgər var. Aksiyalar davam edəcəkmi? Aksiyaların bir bəhrə verəcəyinə inanırsınızmı?


Cavab: Mitinq sərbəst toplaşma azadlığının həyata keçirilmə formalarından biridir. Sərbəst toplaşma azadlığı isə adətən cəmiyyətin və ya onun bir hissəsinin etirazını ifadə etmək üçün işlədilir. Yəni məqsəd etirazı ifadə etməkdir. Orduda əsgərlərin ölümünün qarşısını birbaşa almaq bizim vəzifəmiz deyil, bizim işimiz vətəndaşlar olaraq, bu vəzifənin daşıyıcılarını öz işlərini görməyə məcbur etməkdir. Məcbur edə bildikmi? Demokratik cəmiyyətdə yaşasa idik, bu suala artıq müsbət cavab verə bilərdik. Lakin bizdə hakimiyyət özünü xalqın fövqündə sayır, çünki bu qədər repressiyaya, saxtakarlığa baxmayaraq, heç vaxt seçkini uda bilməyiblər. Xalq onlara heç vaxt inanmayıb, onlar da bunun qisasını alırlar və xalqı dinləmirlər. Ona görə də hazırda dedovşina, orduda yarıtmaz vəziyyət və paralel olaraq, qeyri-döyüş itkiləri davam edir. Lakin bizim etirazımızın müsbət nəticələri oldu. Geniş anlamda mübət nəticə o oldu ki, biz cəmiyyətin ölmədiyini, klassik müxalifətdən kənarda da etirazın olduğunu, hakimiyyətin bundan daha artıq bizim fövqümüzdə qala bilməyəcəyini göstərdik. Daha dar anlamda isə müsbət nəticə o oldu ki, konkret zabitlər, hərbi hissə, korpus komandirləri özlərini yığışdırdılar. Son aksiyada hakimiyyətin qeyri-adekvat güc tətbiqi və zorakılığı göstərdi ki, artıq müdafiə naziri və ali baş komandan da özünü yığışdıracaq. Əgər 500-600 etirazçının qabağına suvuran maşınla, rezin güllə ilə, səs silahı ilə çıxırlarsa, deməli, qorxurlar və bu qorxu onları nədənsə çəkindirəcək. Deməli, bundan sonra daha az əsgər döyüləcək dedovşina çərçivəsində. Bu da uğurdur. Uğurlarımızın davamı üçün fəaliyyətimizə də davam etməliyik. Rejimin özünü aparmasından, əsgərlərimizə və digər vətəndaşlarımıza qarşı davranışından asılı olaraq, sosial sifarişə müvafiq tərzdə etirazlar olacaq, əlbəttə.


Sual [Yusufova]: Biz sizin kimi gənclərlə fəxr edirik. Nidaçıların və başqa gənclərin həqiqətən intelektinə və cəsarətinə inanırıq. Ənənəvi müxalifətin etmədiklərini siz edirsiniz! Var olun!


Cavab: Təşəkkür edirəm. Qiymətləndirmə və qoşulmalar olduqca bu mübarizə də davam edəcək.


Sual [Kamil]: Telekanallar istintaq sirrini açdığı üçün onları məhkəməyə verməyi planlaşdırırsınız? Həbs edilənlər arasında 18 yaşına çatmayan üzvləriniz var, onlar barəsində cinayət işi açılmasına qanun icazə verirmi?


Cavab: İstintaq sirrini qorumaq bizim işimiz deyil. Şəxsi sirr, kommersiya sirri və s. açılsa idi, bizim üzərimizə vəzifə düşərdi. Onsuz da xeyli kobud qanun pozuntusu var və bütün bunlara görə məhkəməyə və digər lazımi prqanlara müraciət olunacaq və sonuna qədər gediləcək, bütün hüquqi vasitələrdən istifadə olunacaq, nəhayət biz ədalətin bərpasına nail ola biləcəyik.
Cinayət məsuliyyətinə cəlb etmə yaşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən, 16, bəzi cinayətlərə görə isə 14 yaşdır. Həbsdə olan üzvlərimizin yaşları isə 20, 18 və 17-dir.


Emil Quliyev [moderator]: AleksiKaramazov Twitter vasitəsilə soruşur:

- Bəy, N!DAnın hakimiyyetdaxili qruplardan birinin (Paşeyevlərin) alətinə çevrilməsi planı kimi bir şaiyə dolaşır. Münasibətiniz.


Zaur Qurbanlı: Səsli güldüm.


Sual [Refiqe]: NİDA-nın maraqlı aksiyalarının planını kim cızır?


Cavab: İnsanlara azadlıq veriləndə (yaxud onlar layiq olduqları azadlıqlarını əldə edəndə) kreativ və yaradıcı olurlar. “N!da”da mühit kreativlik üçün əlverişlidir. Çünki hər kəs layiq olduğu azadlığı təşkilatdaxili münasibətlər çərçivəsində tətbiq edə bilir. Buna görə də keçirdiyimiz aksiyaların, tşkil etdiyimiz tədbirlərin maraqlı keçməsinə görə “N!da” yaranmış ənənəvi mühitə təşəkkür etmək lazımdır. Bu mühit üzvlərimizin potensialının üzə çıxmasına imkan verir. Sağ olsun, üzvlərimiz də, bizi yaradıcı layihələrdən məhrum qoymurlar.


Sual [Vüqar]: Demokratik cəmiyyət mövhumunu sizin nöqtəyi nəzərdən anlıya bilməyim üçün hansı kriteriyaları əsas tutursunuz bilmək istərdim? Sizcə demokratik cəmiyyət utopiya deyilmi?!


Cavab: Mütləq bir şeyin olmadığına mən də inanıram. O cümlədən mütləq demokrat olan bir şey, eləcə də cəmiyyət yoxdur, olmayacaq da. Əsas məsələ bizim getdiyimiz yolda daha mükəmmələ nə qədər yaxın olmağımızdır. Demokratik cəmiyyət məfhumunu müəyyən edən amillərdən insan hüquqlarını, azad seçkini, tolerant cəmiyyəti və s.-ni qeyd edə bilərik. Düzdür, qərb ölkələrində insan hüquqları demokratiyadan dah ageniş anlam olaraq, demokratiyanın özbaşnalığına qarşı qorunma vasitəsi kimi çıxış edir, bizim kimi sırf idarə edən rejimə görə bir neçə əsr geri qalmış cəmiyyətlərdə isə insan hüquqları demokratiya anlayışına daxil edilərək, demokratiya adı sanki bütün bu dəyərlər üçün qılaf rolunu oynayır, lakin mən bizim cəmiyyəti əsas götürməyə məcbur oluram.
Demokratik cəmiyyət bir baxımdan utopiyadır, lakin dediyim kimi, əsas məsələ heç vaxt çatmayacağımız ideala nə qədər yaxın olmağımızdadır. İndiki rejim çox uzaqdır, daha doğrusu o yolda deyil heç.


Emil Quliyev [moderator]: Zaur bəy, 2 saat ərzində oxucularımızın suallarını cavablandırdığınız üçün minnətdarıq.


Zaur Qurbanlı: Mən “Amerikanın səsi”nə, Emil bəy, sizə və sual ünvanlayan şəxslərə, eləcə də sual ünvanlamadan oxuyanlara minnətdaram. Çox sağ olun.


Emil Quliyev: Mən də oxucularımıza minnətdarlığımı bildirirəm. Xatırladım ki, Sərbəst Kürsünün qonağı N!DA Vətəndaş Hərəkatının həmtəsisçi Zaur Qurbanlı idi. Sərbəst Kürsünün növbəti sayında görüşənədək… SƏRBƏST KÜRSÜ SİZİN BLOQUNUZDUR!

XS
SM
MD
LG