Şahidlər NIDA-nın məhkəməsinə gəlməkdən yayınır

NİDA-çıların səssiz aksiyası

Gənclər ittihamları qəbul etmir. Həbslərinin siyasi sifarişli olduğunu deyirlər
Aprelin 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə NİDA fəallarının və Azad Gənclik Hərəkatı üzvünün cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Vəkil Nemət Kərimlinin Amerikanın Səsinə verdiyi məlumatya görə aprelin 8-dəki prosesdə iş üzrə 2 şahid dindirilməli idi.

Lakin hal şahidi barəsində məcburi gətirilmə haqqında qərar olsa da, bu günədək yerinə yetirlməyib.

Vəkil bildirib ki, bu hal şahidin harada və hansı işin sahibi olduğu məlum deyil.
Digər şahid isə təqsirləndirilən Şahin Novruzovun evində tapılmış 93 min manatın sahibi idi.

O, da xarici ölkədə olduğundan və yerinin müəyyənləşdirilməsi mümkün olmadığından müdafiə tərəfi bu şahidin dindirilməsindən imtina edib.

Daha sonra prosesdə sənədlərin elan olunmasına başlanılıb. Təqsirləndirilən şəxslərin mənzillərindən çıxan narkotik vasitələr və “Molotov kokteyl”ləri ilə bağlı ekspert rəyləri elan olunub.

Proses aprelin 10-da davam etdiriləcək.

İttiham aktına görə, gənclər martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşıblar.

“Azad Gənclik” Təşkilatının sədri İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq əvvəl ona xuliqanlıq ittihamı irəli sürüb. Sonra işə kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdi ittihamı da əlavə olunub.

Gənclər ittihamları qəbul etmir. Həbslərinin siyasi sifarişli olduğunu deyirlər.
“Amnesty İnternational” beynəlxalq insan hüquqları təşkilatı onları vicdan məhbusu elan edib.